Bələdiyyələrin problemi təkcə maliyyədirmi?

may-24
14:37 2015
Bələdiyyələrin problemi təkcə maliyyədirmi?






















“Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür”

Prezident İlham Əliyevin bu günlərdə Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyələrin fəaliyyəti haqda söylədiyi fikirlər ölkənin neft gəlirlərinin azalması fonunda dövlət büdcəsindən xərclərin səmərəliliyini artırmaq baxımından olduqca əhəmiyyətli oldu.

“Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik.” – deyə, dövlət başçısı bildirdi.

Həqiqətən də hər il dövlət büdcəsindən müvafiq dotasiya ayrılmasına, torpaq, əmlak vergisindən, habelə qanunla nəzərdə tutulmuş digər ödənişlərdən daxilolmalara baxmayaraq, ölkədə fəaliyyət göstərən demək olar heç bir bələdiyyə orqanı bilavasitə öz vəsaiti hesabına “daşı daş üstə” qoymayıb və yaxud da qoya bilməyib. Halbuki, Azərbaycanda artıq 16 ildir ki, belə bir institut var və bu gün sayca 1607 bələdiyyə qurumu fəaliyyət göstərir.

Bəs, buna səbəb nədir? Bələdiyyələr nəyə görə öz vəsaitləri hesabına iş görmürlər? Buna nə mane olur?

Ölkədə bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olan və bu sahədə ilk gündən ardıcıl təhlil və müşahidələr aparan bir sıra mütəxəssislər hər il dövlət büdcəsindən dotasiya ayrılmasına, torpaq, əmlak vergisindən və qanunla nəzərdə tutulmuş digər ödənişlərdən daxilolmalara baxmayaraq, onların büdcələrinin az olduğunu bildirirlər. Belə ki, 2014-cü ildə ölkədə mövcud olan 1607 bələdiyyənin büdcəsi ümumən 49 milyon manat təşkil edib.

Sözsüz ki, bu, böyük rəqəm deyil. Əvvəllər bələdiyyələrin sayı bundan da çox idi. 2009-cu ilin dekabrın 23-də 1718 bələdiyyəyə seçkilər keçirilmişdi. Ötən dövr ərzində bunların birləşməsi nəticəsində qeyd olunan rəqəm 1607-ə endi.

Sözümüz bunda deyil.

2014-cü ilin dövlət büdcəsində mərkəzləşdirilmiş xərclərdən yerli (bələdiyyə) büdcələrə 5,2 milyon manat dotasiya ayrılıb. Ümumiyyətlə, son üç ildir dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait eyni həcmdə - məhz 5,2 milyon manat təşkil edir. Odur ki, keçən ilin payızında cari ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin ayrı-ayrı komitələrinin birgə iclasında müzakirə edilən zaman Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, bu məbləğ iki dəfə artırılsa da bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün kifayət deyil.

“Hesab edirəm ki, simvolik də olsa bu rəqəm hər dəfə artmalıdır. Çünki, bələdiyyələrin fəaliyyətinə büdcədə belə bir qiymət vermək, daha doğrusu, bu cür münasibət bəsləmək onları kifayət qədər qiymətləndirməməkdən irəli gəlir.” – deyə, A. Rəhimzadə vurğulamışdı.

Bu fikirlə razılaşmaq mümkündür. Lakin nəzərə alaq ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Və onların öz mülkiyyəti, yerli büdcəsi və seçki orqanları vardır. Konstitusiyaya uyğun olaraq da yerli əhəmiyyətli məsələləri müstəqil həll edirlər.

Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Yerli vergilərə fiziki şəxslərin əmlak, torpaq, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) üzrə mədən vergisi aiddir.

O cümlədən, yerli (bələdiyyə) vergilər və ödənişlər haqda qanuna əsasən bələdiyyə büdcələrinə, yerli vergilərlə yanaşı yerli ödənişlər də müəyyən olunub. Həmin ödənişlərə isə aiddir: bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, habelə icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazilsində hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bundan əlavə, qanunla bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilərlər.

Odur ki, sual yaranır: əgər, bütün bunların müqabilində sözügedən qurumlar maliyyə qıtlığı çəkirlərsə, problem onların özlərində deyilmi?

Bu gün Qərb ölkələrində bələdiyyələr maliyyə ehtiyaclarını qarşılamaq üçün qiymətli kağızlardan da istifadə edirlər. Yəni, onlar qiymətli kağızlar buraxır və fond birjalarında yerləşdirirlər. Və nəticədə maliyyə ehtiyaclarının qarşılanmasında daha bir mənbə qazanmış olurlar.

Azərbaycan bələdiyyələri isə bu təcrübədən də yararlanmırlar. Çünki, bizdə bələdiyyə institutu bunun üçün hələ formalaşmayıb. Təkrar edirik: torpaq vergisi bələdiyyələrə çatır. Üstəlik, dövlət büdcəsindən subsidiyalaşdırma var. Ancaq bütün bunlara rəğmən, bələdiyyələr maliyyə çatışmazlığından şikayət edirlər.

Ona görə ki, bu qurumlar işlərini zəif qurublar. Qiymətli kağızlar məsələsi indiki halda ümumiyyətlə, real deyil. Bunun üçün ilk növbədə sözügedən qurumların stabil və dayanıqlı iqtisadi gəlir mənbələri yaranmalı, müvafiq maliyyə dayaqları formalaşmalıdır.

Yeri gəlmişkən, ölkədə bələdiyyələrə dair tələb olunan hər cür hüquqi-normativ baza mövcuddur. Bununla belə, bələdiyyələr istənilən səviyyədə fəaliyyət göstərmir və işlərini qura bilmirlər. Əvvəla, dəqiqləşdirmək lazımdır ki, adi torpaq vergisindən toplanılan vəsait hara gedir və necə xərclənir. İkincisi, bələdiyyələrin özlərinin saxlanması və digər xərclər müəyyənləşdirilməlidir. Və ən nəhayət üçüncüsü isə, bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyilsə, hər cür maliyyə rıçaqlarından istifadə yalnız və yalnız "baş ağrısına" çevrilə bilər.

Bəli, dövlət büdcəsindən ayrılan vəsait artırılmalıdır. Bunu sözügedən qurumların büdcələrinin 50 %-nə qədər də çatdırmaq mümkündür. Lakin Prezident qeyd etdiyi kimi bələdiyyələr indiki halda əgər sadəcə olaraq, bir möhür idarəsi kimi fəailiyyət göstərirlərsə, həmin vəsait də səmərəsiz xərclənəcək.

Belədə dövlət büdcəsindən xərclərin səmərəliliyi artırmaq barədə danışmaq ümumiyyəylə, gülünc görünür.

Ancaq son vaxtlar qəbul edilmiş bir sıra qanunlar bələdiyyələrə maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün əlavə imkanlar yaradır. Belə ki, onların birləşməsi ərazilərini və maliyyə əldə etmək imkanlarını genişləndirib. Qalır, işi düzgün təşkil etmək və tam özünüidarətmə əsasında fəaliyyət göstərmək.

Pərviz Heydərov

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər