İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri ilə görüşüb -FOTO

okt-05
14:00 2013
İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri ilə görüşüb -FOTO

Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.

İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır.

“Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, – deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olmuş, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcəkdir. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən Azərbaycan Prezidenti keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır. Təsadüfi deyildir ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 Olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur.

Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən Azərbaycan Prezidenti qeyd etdi ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir.

Prezident İlham Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğuladı və əmin olduğunu bildirdi ki, idmançılarımızı qələbələrə aparan məhz Vətən sevgisidir.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmanın karate növündə idmançılarımızın İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdiyini diqqətə çatdırdı.
O, beynəlxalq aləmdə ölkəmizin idman dövləti imicini daha da möhkəmləndirdiyini bildirdi.

İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev oyunların idmançılarımız üçün uğurlu olduğunu vurğuladı.

Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız uğurla çıxış etmiş, 4 medal qazanmışlar.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Oyunların keçirildiyi Palembanq şəhərində “Bakı 2017” Təşkilat Komitəsi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunan “Azərbaycan günü”nün yüksək səviyyədə təşkil edildiyini bildirdi.

Görüşə yekun vuran Prezident İlham Əliyev qeyd etdi ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir.

“Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb”, – deyən dövlətimizin başçısı müstəqillik illərində ölkəmizin bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirdi, ölkəmizi tanıtmaq üçün idman və mədəniyyətin güclü vasitə kimi çıxış etdiyini söylədi.

Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik etdi.

Sonda xatirə şəkli çəkdirildi.

//AzərTAc

İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri ilə görüşüb -FOTO
İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri ilə görüşüb -FOTO

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər