Gün.az Cəmil Həsənlinin “kredit amnisiyası” ilə bağlı araşdırma aparıb

okt-03
18:05 2013
Gün.az Cəmil Həsənlinin “kredit amnisiyası” ilə bağlı araşdırma aparıb

Son illər bütün ictimaiyyətin maraq dairəsində olan bank və kredit mövzusu yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə siyasi mübarizə və seçki vədləri formasında.

Bəli, prezident seçkilərinə qatılan bəzi namizədlər ölkədə “kredit aministiyası”nın elan olunacağını vəd edirlər. Bu təklifin nə qədər populist və qeyri-real olduğunu demək artıqdır. Artıq bazar iqtisadiyyatı prinsiplərinə keçmiş Azərbaycanda belə aksiyanın qəbul edilməz olduğunu həmin təklifi səsləndirənlərin özləri də gözəl anlayırlar.

Əvvəlcə rəqəmlər barədə

Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, hazırda ölkə banklarının iqtisadiyyata ümumi kredit portfelinin həcmi 14,5 milyard manat təşkil edir ki, bu da ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) cəmi 27%-nə çatır. Bu da nəinki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin, hətta inkişaf etməkdə olan Şərqi Avropa ölkələrinin də göstəricilərindən aşağıdır. İnkişaf etmiş ölkələrdə kreditlərin həcmi ümumiyyətlə illik ÜDM-nin həcmini bir neçə dəfə üstələyir.

Kredit portfelinin 5,6 milyard manatı, yəni təqribən 40%-i haqqında daha çox danışılan istehlak kreditlərinin payına düşür. Bu Azərbaycanın illik ÜDM-nin cəmi 10%-i deməkdir, yenə də xarici ölkələrlə müqayisə edəndə məlum olur ki, inkişaf etmiş ölkələrdə bu göstərici ölkənin illik ÜDM-nin 60-80%-i ətrafındadır (məsələn, ABŞ-da 85%-dir).

Digər tərəfdən, Azərbayan Mərkəzi Bankının (daha dəqiqi AMB yanında Mərkəzləşmi Kredit Reyestrinin) məlumatlarına görə, ölkədə kredit almış fiziki şəxslərin sayı 1,6 milyon nəfər ətrafındadır. Qeyd edək ki, kredit aministiyası təklifi də məhz krediti olan vətəndaşların sayının böyük olmasına əsaslanmışdı. Amma bu 1,6 milyon nəfər, ölkədəki iqtisadi aktiv əhalinin cəmi 40%-ni təşkil edir. Yenə də inkişaf etmiş ölkələrlə müqayisədə bu göstərici təqribən 2 dəfə aşağıdır. Avropa ölkələrində iqtisadi aktiv əhalinin 60-80%-nin bank krediti mövcuddur. Yəni nə kreditlərin məbləği, nə də kredit götürənlərin sayı baxımından Azərbaycanda təhlükəli vəziyyət mövcud deyil.

Könüllü “bank əsarəti”

“Kredit aministiyası”nın “elan olunması”nın əsas səbəbi kimi, əhalinin “bank əsarətinə” düşməsi göstərilir. Doğrudan da, Azərbaycanda kredit alan vətəndaşların sayı kəskin artır. Təkcə son bir ildə belə şəxslərin şəxslərin sayı 31,4% artıb. Bir il bundan əvvəl ölkədə bankdan kredit götürən fiziki şəxslərin sayı 1 milyon 250 min nəfər idisə, indi bu rəqəm 1 milyon 642 min nəfərə çatıb. Bu doğrudan da ciddi məsələdir. Amma bəzi rəqəmləri yada salanda aydın olacaq ki, Azərbaycanda ümumiyyətlə, kimisə, “bank əsarəti”ndə saxlamaq olarmı?

Azərbaycanda adambaşına düşən istehlak kreditlərinin həcmi təqribən 600 manat təşkil edir. Bu ölkə vətəndaşlarının ayyarımlıq maaşı qədərdir. Başqa sözlə, banka krediti olanların bir hissəsi istəsələr kreditlərini ikicə aya bağlaya bilərlər.

Ən maraqlı detallar istehlak kreditlərinin tərkibinə baxanda məlum olur – banklardan verilən məlumata görə, istehlak kreditlərinin böyük hissəsini avtomobil və məişət cihazlarının alınması üçün verilən kreditlər təşkil edir. Avtomobil – sivil həyatın nişanəsidir və onu heç kim ehtiyacdan almır. Ümumiyyətlə, kreditlə alınan elə bir mal yoxdur ki, onsuz yaşamaq mümkün olmasın və heç bir müştəriyə də kredit zorla verilmir. Doğrudur, bankların şərtləri ağır, məsələn kredit faizləri yüksək ola bilər. Amma son seçimi yenə də müştəri edir.

Analogiya

Artıq ölkə vətəndaşları da 10 il əvvəlki səviyyədə deyillər – bu dövr ərzində əksər vətəndaş öz risklərini qiymətləndirməyi öyrənib və artıq kredit məsələsinə daha məsuliyyətli yanaşırlar. Bu vəziyyətdə onların kreditlərə belə meylliyi təkcə məsuliyyətsizlik yox, həm də gələcəyə inamla bağlıdır. Ölkədəki sabit iqtisadi vəziyyət, investisiya fəallığı, əmək haqlarının real və gözlənən artımları öz nəticələrini verir. Bütün bunların nəticəsində qarşıdakı bir neçə il ərzində sabit gəlir gözləntiləri ölkə vətəndaşlarını daha inamlı olmağa və arxayınca kredit götürməyə həvəsləndirib.

Yəni reallığa açıq gözlə baxmağın vaxtıdır – “bank əsarəti” barədə deyilənlər populizmdən başqa bir şey deyil. “Kredit aministiyası” vədi isə qeyri-ciddiliyinə görə, “Qarabağı 3 günə alacam” kimi bəyanatlardən geri qalmır.

Ələbaxanlar təbəqəsi

Rəqəmlər öz yerində, amma hansı bəhanə ilə səsləndirilməsindən asılı olmayaraq, “kredit aministiyası” təklifi, iqtisadi demokratiya və bazar iqtisadiyyatı prinsiplərinə kökündən ziddir. Bazar iqtisadiyatının əsas elementlərindən biri hərəkətlərinə və imzalarına görə, öhdəlik daşıyan vətəndaşlardır. Öhdəliklərə əməl etmə – bazar iqtisadiyyatının təməl prinsipləridir. Başqa sözlə, istənilən şəxs öz hərəkətlərinə, o cümlədən şüurlu şəkildə və könüllü surətdə bağladığı müqavilələrə görə cavabdeh olmalı, ona əməl eləməlidir.

“Kredit aministiyası” təklifi isə insanları məsuliyətsizliyə sövq etməklə, yenidən anarxiya dövrünə qayıtmaq deməkdir.

Ən əsası, belə təkliflər ölkədə artıq neçə illər ərzində formalaşmaqda olan – qanunlara riayət edən, məsuliyyətli vətəndaş anlayışını tamamilə darmadağın edə, insanları məsuliyyətsizliyə və ələbaxımlığığa öyrədə bilər.

Doğrudur, dövlət vətəndaşlarının qayğısına qalmalıdır. Bu dövlətin üzərinə götürdüyü əsas missiyadır. Azərbaycanda bununla bağlı müsbət təcrübə var. Məsələn, bir qədər əvvəl ölkə rəhbərliyinin qərarı ilə sovet dövründə banklarda batmış əmanətlərə görə, əhaliyə kompensasiya ödənildi. Amma burada vəziyyət fərqli idi. Dövlət vətəndaşlara, onların özündən asılı olmayan səbəbdən- Sovet İttifaqının dağılmasına görə dəyən zərəri kompensasiya etməyə çalışır. Bu dəfə isə söhbət kreditlərin qaytarılmasından – insanların şüurlu şəkildə müqavilə bağlayaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən gedir.

Yeri gəlmişkən, hətta sovet dövründə də bu addımın nə qədər təhlükəli olduğunun (maliyyə itkiləri baxımından yox, vətəndaşların davranışı baxımından) fərqinə varardılar və ona görə də, bir dəfə də olsun kreditlərin bağışlanması addımı atılmayıb.

Zərərli vərdişlər keçicidir

Amma istənilən halda bu təklif cəmiyyətə və buradakı iqtisadi münasibətlərə, eləcə də əhalinin bəzi təbəqələrinin davranışına təsirsiz ötüşməyəcək. Azərbaycanda siyasi mübarizə iştirakçılarının leksikonunda “kredit aministiyası” kimi zərərli və təhlükəli ifadənin yer alması ona səbəb olacaq ki, potensial seçicilər bütün seçikilərdə namizədlərdən bu təklifi gözləsinlər.

Təsəvvür edin ki, hər seçkidən əvvəl belə təkliflərin səslənməsi seçiciləri onun reallaşacağına ümidləndirir və insanlar onsuz da aministiyaya düşəcəklərinə arxayın olaraq bankdan mümkün olduğu qədər böyük məbləğdə kredit götürməyə çalışırlar. Bunun necə qurtaracağını isə deməyə ehtiyac yoxdur. Bu – maliyyə anarxiyasıdır.

Bir daha Avropa dəyərləri barədə

Və sonda. Azərbaycanı müxtəlif məsələlərdə Avropa dəyərləri ilə müqayisə edənlərin nəzərinə: necə bilirsiniz, iqtisadiyyatı və bank sistemi inkişaf etmiş Avropada “kredit aministiyası” mümkündürmü? Doğrudur, Avropanın siyasi palitrası çox zəngindir – burada demokratlardan tutmuş sosialistlərə qədər istənilən siyasi zümrənin nümayəndəsi yer alıb. Amma Avropanın heç bir ölkəsində keçirilən seçkilərdə, heç bir siyasətçi kreditlərin bağışlanacağını vəd etməyi ağlına da gətirməyib. Hesaba görə ödəməyin həyat tərzinə çevrildiyi Avropa üçün belə yanaşma sadəcə qəbuledilməzdir.

Hətta maliyyə böhranının ən ağır dövrlərində, Avropa iqtisadiyyatının çökməsi və avrozonanın dağılması məsələsi gündəmdə olanda, Avropanın ciddi siyasətçilərindən heç biri “kredit aministiyası”nın elan olunmasını təklif etməmişdi. Çünki Avropada bunun nə demək olduğunu yaxşı başa düşürlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər