Kooperasiya Universitetinin dekanına qarşı rüşvət ittihamı

fev-27
18:22 2015
Kooperasiya Universitetinin dekanına qarşı rüşvət ittihamı













Xeberci.info Dia.az-a istinadən xəbər verir ki, Qəzetimizin 30.01.2015 tarixli sayında dərc olunmuş “Kooperasiya Universitetində rüşvət yığımı” sərlövhəli material, ən azından məqalədə sözügedən ali təhsil müəssisəndə geniş müzakirələrə səbəb olub. Bu xüsusda bizi məlumatlandıran mənbələrin sözlərinə görə, universitet kollektivinin böyük əksəriyyəti bu müəssisədə baş verənlərin ictimailəşdirilməsindən əldə oluna biləcək nəticələrə müəyyən ümidlər bəsləyir. Dərc olunmuş materialda biz qeyd etmişdik ki, hazırda universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Burada tələbələr artıq 8 fakültədə 19 ixtisas üzrə azərbaycan və rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 25 kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 23 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, kooperasiya muzeyi fəaliyyət göstərir.

Göründüyü kimi Kooperasiya Universitetinin kollektivi elə də azsaylı deyil. Bununla belə bu ali müəssisə daxilində bir və ya bir neçə nəfərin öz iradəsini digərlərinə diktə edə bilmək imkanlarını əldə etməsi, universitetdə işlərin heç də arzuolunan qaydada getmədiyini söyləməyə əsas verir. Hərçənd ötən materialda biz qeyd etmişdik və indi də inkar etmirik ki, əslində bu universitetinin fəaliyyəti ictimaiyyət tərəfindən heç də qeyri-qənaətbəxş qiymətləndirilmir. Ölkənin bir çox digər ali məktəblərində olduğu kimi, bu universitetdə də müəyyən nöqsanlar və çatışmayan cəhətlər mövcud olsa da, ümumi qiymətləndirmədə Kooperasiya Universitetini heç də rüşvətxorluq və korrupsiyanın çiçəkləndiyi bəzi digər ali məktəblərlə bir sıraya qoymaq olmaz. Lakin bütün dəlillər göstərir ki, bu təhsil ocağını bu gün məhz həmin “üz qaraldan” sırada görmək istəyən qüvvələr, buna nail olmaq üçün əllərindən gələni əsirgəmirlər. Bəlkə də, buna aparan yolda bələdçilik edən şəxsləri “qüvvə” adlandırmaqla, biz onların malik olduqları real gücü bir qədər şişirdirik. Digər tərəfdən isə universitetdə bir müddət əvvəl yaradılmış Mühasibat uçotu və sənayenin təşkili fakültəsinin dekanı, buna qədər Magistratura şöbəsinə rəhbərlik etmiş Zakir Əliyevin törətdiyi əməllər bu şəxsin özünə kifayət qədər arxayın olduğunu göstərir.

Ötən materialda da qeyd etdiymiz kimi, universitet tələbələri ilə olan söhbətlərimiz zamanı biz dəfələrlə eşitmişik ki, burada oxuyan tələbələrin obyektiv qiymətləndirilməsi məsələsini rektor Eldar Quliyev hər zaman şəxsi nəzarətində saxlayır. Lakin yeni aldığımız məlumatlarda bir neçə gün bundan öncə başa çatmış qış imtahan sessiyasında universitetin məhz Mühasibat uçotu və sənayenin təşkili fakültəsində vəziyyətin kəskin şəkildə dəyişildiyi bildirilirdi. İddialara əsasən Zakir müəllim son sessiya zamanı oxuyan və oxumayan tələbələrə belə fərq qoymadan bütün imtahanlara konkret qiymətlər təyin edib. Müəllimlərə bir imtahana görə hər tələbədən 110 manat yığılmasını tapşıran dekan, fakültədə tələbə-müəllim münasibətlərinin kəskin şəkildə gərginləşməsinə də yol açıb. Universitet daxilindəki mənbələrdən birinin təqdim etdiyi son açıqlamalarda isə baş verənlərə rektor Eldar Quliyev tərəfindən hələ də adekvat reaksiya göstəriməməsi səbəbindən, kollektiv daxilində rəhbərliyə qarşı artıq fərqli rəy formalaşması prosesinin də getdiyi bildirilir.

Halbuki, indiyədək Kooperasiya Universitetində müşahidə edilən normal tədris prosesinin davamlı olaraq həyata keçirilməsində birbaşa rektorun böyük əməyi olduğunu heç kəs inkar etmək niyyətində deyil. Sadəcə olaraq müəllim və tələbə heyətini narahat edən problem, bundan sonra da universitetdə aparılan biliyin qiymətləndirilmə prosedurlarında obyektivliyin maksimum təmin edilməsi ilə bağlıdır. Dekan Zakir Əliyevin fəaliyyəti isə ən azından bir fakültədə bu təminatı hələlik mümkünsüz edir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər