Prezident İlham Əliyev ölkəsini və xalqını necə qorudu: - böyük savaşın möhtəşəm detalları

apr-23
14:58 2020
Koronavirus pandemiyasının yaratdığı qlobal böhran bütün dünya ölkələrində iqtisadi artımın geriləmə ilə əvəz olunmasına gətirib çıxaracaq. Proqnozlara görə, Asiya və Avropanın inkişaf etmiş ölkələrində, həmçinin ABŞ-da 2020-ci ilin yekununda 5 faizdən yuxarı iqtisadi azalma qeydə alınacaq.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat ümumilikdə 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacaq. Fond ilin sonuna Azərbaycan iqtisadiyyatının cəmi 2,2 faiz kiçiləcəyini gözləyir. Bu isə o deməkdir ki, ölkəmiz Orta Şərq və Mərkəzi Asiyada neft-qaz ixrac edən 11 ölkə arasında pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

Bir tərəfdən neft bazarındakı çöküşə görə, digər tərəfdən pandemiyaya qarşı sərt karantin tədbirləri nəticəsində daxildəki gəlirləri azalan Azərbaycan buna necə nail olacaq? Suala cavab vermək üçün pandemiya başlanandan Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətə diqqət yetirmək lazımdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı. Ticarət, ictimai iaşə və digər sahələrdə fəaliyyətlər dayandırılandan bir neçə gün sonra – martın 19-da Prezident İlham Əliyev tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalandı, ardınca sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiqləndi. Tədbirlər Planına uyğun olaraq hökumətdə yaradılmış işçi qrupları 11 proqram hazırladılar və ən qısa müddətdə onların icrasına başlanıldı.

Qeyd edək ki, koronavirusun yaratdığı iqtisadi böhran şəraitində əksər ölkələrdə hökumətlər dəstək tədbirləri hazırlayıblar. Lakin onların bir çoxunda bu tədbirlərin reallaşdırılmasına müxtəlif əngəllər üzündən gec başlanır, yaxud icra prosesi ləngiyir. Məsələn, İtaliyada biznesə dəstək üçün dövlətin ayırdığı güzəştli kreditlərin verilməsinə hələ iyunun əvvəlində başlanması gözlənilir. Rusiyada kredit xətti açılsa da, icra prosesi çox ləngidiyinə görə biznes çətin duruma düşüb. Bir çox ölkələrdə əhaliyə yönəlik yardım proqramlarında gecikmələr qeydə alınır. Lakin Azərbaycan prezidentinin qətiyyətli mövqeyi sayəsində ölkədə ilk növbədə sosial dəstək proqramlarının icrasına başlanıb.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə büdcədən dəstək tədbirlərinin icrasına 1 milyard manat ayrılıb. Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də ölkə Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin sosial rifah halını diqqətdə saxlayır. Belə ki, hökumət tərəfindən hazırlanmış sosial proqramın bir istiqaməti bu şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) aylıq ödəmənin verilməsinə başlanıb. Əvvəlcə belə ödəmənin 200 min nəfərə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin bu gün verdiyi tapşırıqla bu say 3 dəfə artırılaraq 600 minə, ödəmələrin sayı isə 2 dəfəyə qaldırıldı. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Bu günədək birdəfəlik ödəmə alan şəxslərin sayı 260 min nəfərdən yuxarıdır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.

Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.

Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramı da genişləndirilir - bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq 37 mindən 90 minə çatdırılması təmin edilir. Belə ki, son bir neçə gündə 37 mindən əlavə 14 minədək şəxs ödənişli ictimai işlərə cəlb olunub.

Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunur. Bu ilin əvvəlindən əmək müqavilələrinin sayında 85,4 min artım qeydə alınıb. Bu artım əsasən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlıdır.

Pandemiya ilə əlaqədar digər sosial dəstək proqramları da genişləndirilir. Bu baxımdan, işsizlikdən sığorta ödənişlərinin təyin olunması şərtlərinin yumşaldılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi artıq hazırlanıb. Layihənin qəbulu imkan verəcək ki, işsizlikdən sığorta ödənişləri ilə daha çox insan əhatə olunsun. Bu il ərzində işsizlikdən sığorta ödənişlərinin şamil olunduğu şəxslərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

Karantin tədbirlərinə görə evdə qalmalı olan insanların enerji istehlakının artması nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Bu tədbirin icrası üçün tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Bu il ərzində bunun üçün tələb olunan vəsait isə 40 milyon manatdır.

Yuxarıda da qeyd etdik ki, pandemiyadan zərərçəkən sahibkarlar dövlət rəhbərliyinin diqqətindədir. Əksər ölkələrdən fərqli olaraq, Azərbaycan dövlətinin belə sahibkarlara dəstəyi borc şəklində deyil, əvəzsiz və vaxtında təqdim olunur. Dəstək həm fəaliyyətini dayandıran müəssisələrin işçilərinin əmək haqqının dövlət tərəfindən ödənməsi, həm də fərdi (mikro) sahibkarlara birbaşa dövlət yardımının təqdim edilməsini nəzərdə tutur. Və ən əsası, bu prosesdə heç bir yubanma, ləngimə qeydə alınmır.

Rəsmi məlumatlara əsasən, 20 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 18.260 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 48.659 fərdi (mikro) sahibkar, cəmi 66.919 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 151.198 işçini əhatə edən 15.385 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 68.05 milyon manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 34,02 milyon manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13.722 vergi ödəyicisinə 138.422 nəfər muzdlu işçinin əmək haqqı üzrə 31,4 milyon manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 48.659 vergi ödəyicisindən müraciət daxil olub, 45.002 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 32,6 milyon manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 26,71 milyon manat vəsaitin 35.223 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Ölkə rəhbərliyi həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndirir. Martın 18-də Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Müddətli əlavə 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödəniləcək. Nazirlər Kabinetinin 25 mart tarixli qərarı ilə müddətli əlavənin məbləği təsdiq edilib.

Qərara əsasən, müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib: tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə maaşının 4 misli məbləğində; pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə maaşının 5 misli məbləğində.

Bu məbləğlər koronavirus infeksiyasına yoluxmuş şəxslərin müalicəsinə cəlb edilmiş özəl klinikaların tibbi heyətinə də ödənəcək.
Qeyd edək ki, on altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb. Ölkədə 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Koronavirusa yoluxanlara yüksək tibbi xidməti təmin etmək üçün qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan dövləti, onun rəhbərliyi pandemiya dövründə xarici ölkələrdə qalan vətəndaşlarına sahib çıxmaqdadır. Belə ki, ölkə rəhbərliyinin göstərişinə əsasən pandemiya dövründə təhsil aldıqları ölkələrdən vətənə qayıda bilməyən tələbələrə dövlət tərəfindən yardım edilir. Türkiyədə, Fransada və digər ölkələrdə qalan tələbələrə kirayə haqlarını ödəmək üçün vəsait paylanır. Yardım müvafiq ölkələrdəki səfirlik və konsulluqlar, həmçinin diaspor təşkilatlarının vasitəsilə çatdırılır.

Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamına əsasən hazırlanan proqramların mühüm bir hissəsi postpandemiya dövründə biznesin dəstəklənməsinə yönəlib. Bu məqsədlə biznes subyektlərinə ayrılacaq 1 milyard manat həcmində kreditlərin faiz ödənişlərinə dəstək veriləcək. Eyni zamanda biznesə veriləcək 500 milyon manat həcmində kreditlərə dövlət tərəfindən zəmanət təqdim olunacaq. Bundan əlavə, prezidentin sərəncamı ilə aqrar istehsalçılara güzəştli kreditlər verilməsi üçün dövlət tərəfindən dəstək göstəriləcək. Bu istiqamətdə ilkin addım olaraq güzəştli aqrar mikrokreditlər üçün 30 milyon manat vəsait ayrılıb.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır. Eyni zamanda biznes və vətəndaş pandemiyanın yaratdığı iqtisadi böhranın təsirlərini daha az hiss edir. Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.
Musavat.com

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər