İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

mar-27
20:50 2020
Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqun mətnini AZƏRTAC dərc edib.

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.


Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva
Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər