Ağsu inamlı inkişafa doğru

mar-01
10:47 2020
Xeberci.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir. Rayon rəhbərlərinin daha perspektivli kadrlarla əvəzlənməsi, eləcə də nöqsanlı işləyən başçıların işdən çıxarılaraq cəzalandırılması ölkə əhalisində dövlətə, onun rəhbərliyinə qarşı daha böyük inam və parlaq gələcəyə qırılmaz ümid hissi yaradır.
Rəhbəri bir neçə ay əvvəl dəyişmis rayonlardan biri də Ağsudur. Xəbərci.info olaraq, Ağsuda baş vermiş Başçı dəyişikliyindən sonra bu rayonda aparılan islahatlara diqqət yetirmək istədik. Rayonun hazırki icra başçısı Vahid Tağıyev bu vəzifəyə Prezidentin müvafiq sərəncamı ilə 30 sentyabr, 2019-cu il tarixdə təyin olunub. V.Tağıyev problemləri elə də az olmayan bir rayona rəhbər göndərilib.

Xeberci.info xəbər verir ki, Yeni icra başçısının əsas diqqət ayırdığı məsələ rayon sakinlərinin qəbul olunaraq dinlənilməsi və hallanan problemlərin qısa müddətdə həll olunmasıdır. V.Tağıyev qayğıları yığılıb qalmış ağsuluları hər həftənin beşinci günləri İH-nin binasında qəbul etməklə kifayətlənmir, eləcə də kəndlərdə tez-tez səyyar görüşlər təşkil edərək, onların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon camaatının fasiləsiz işıq və rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır. Bu mənaya köhnə dirəklərin dəyişdirilməsini, kabelləşmə işlərinin aparılmasını, yeni işıq yarımstansiyasının quraşdırılmasını da aid etmək olar.
Apardığımız müşahidələrə əsasən, demək olar ki, bu gün Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır. Bu günlərdə Ağsu rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi “Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”ə həsr olunan hesabat yığıncağında da az müddətdə görülən işlərdən və perspektiv planlardan söhbət açılıb. Yığıncaq iştirakçıları, o cümlədən qonaqlar öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçək dəstələri düzüblər. Sonra tədbirin keçirildiyi mədəniyyət sarayının foyesində təşkil edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış olub.
Xeberci.info xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevin hesabat məruzəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələrin, aqrar sahədə aparılan islahatların regionların dinamik inkişafını təmin etdiyi, bölgələrin potensialının artırılmasına və əhalinin rifah halının yüksəldilməsinə geniş şərait yaratdığı vurğulanıb.
Hesabat ilində yaradılan yeni istehsal sahələri barədə ətraflı məlumatlar verilib. Belə ki, Ərəbsarvan kəndində ümumi ərazisi 1252 hektar olan “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin qurulması işləri davam etdirilib, ümumi ölçüsü 500 hektar olan sahədə pivot suvarma sistemi qurulub. Nəqliyyat-texnika parkı, yem zavodu və toxum fabriki yaradılıb, ətlik və südlük heyvandarlığın inkişafı məqsədilə 2000 başlıq heyvandarlıq kompleksi inşa edilib.
Rayonda bağçılığın inkişafına da xüsusi yer verilib, 2016-2019-cu illərdə badam bağlarının sahəsi genişləndirilərək 105,5 hektara çatdırılıb. Təkcə 2019-cu ildə 53 hektar sahədə badam bağı salınıb. “Padar Aqro” MMC-nin kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisi davam etdirilib, Gəgəli bələdiyyəsi ərazisində toxumçuluq təsərrüfatı və heyvandarlıq kompleksi genişləndirilib. Nüydü bələdiyyəsi ərazisində və Daşdəmirbəyli kəndində taxıl saxlama anbarları kompleksi istifadəyə verilib.
Hesabat məruzəsində təmir-tikinti işləri, o cümlədən mədəniyyət sarayı, yol, məktəb, körpələr evi-uşaq bağçası və digər sosial sahələrdə xeyli layihələrin reallaşdırıldığı diqqətə çatdırılıb. Rayonda 2019-cu ildə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 11 milyon manat artaraq 212,7 milyon manat olub. Kənd təsərrüfatı 11,1 faiz artıb, istehsalçılara dövlət maliyyə yardımı davam etdirilib. Ənənəvi məhsullardan sayılan barama istehsalının bərpası ilə bağlı işlər sürətləndirilib. Baramaçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2019-cu illərdə 196,5 min tut tingi əkilib ki, bunun 47,5 mini ötən ilin sonunda gətirilən tinglərdir. Hesabat ilində 9,96 ton barama tədarük olunaraq emal müəssisələrinə satılıb.
2019-cu ildə 28 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şirələr, alkoqollu içkilər və şərabların satışından daxil olan gəlirlər 2018-ci illə müqayisədə 14 dəfə artaraq 21 milyon manata çatıb. Hesabat ilinin sonuna istehsalatda çalışan işçilərin sayı 825 nəfər olub. Müəssisələrin məhsulları yerli bazarlarda satılmaqla yanaşı, bir çox inkişaf etmiş ölkələrə də ixrac olunur. Bunların sırasında ABŞ, Yaponiya, Fransa, Kanada, Rusiya, Çin, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr var.
Məruzə və çıxışlarda hesabat ilində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsanlardan da ətraflı danışılıb. Xüsusilə, strateji sahə olan pambıqçılıqda, təhsil sahəsində və sair ciddi nöqsanlar geniş təhlil olunub.
Xeberci.info xəbər verir ki, Prezident Administrasiyasının sektor müdiri Nəsir Muxtarlı yığıncaqda çıxış edib, qarşıda duran konkret vəzifələrdən danışıb.
Hesabat yığıncağında sadalanan göstəricilər bir daha Ağsu rayonunda əksər sahələrdə inkişafın davam etdirildiyini və bu yöndə yeni nailiyyət yollarının axtarıldığını xəbər verir. Bütün bunlara baxmayaraq, bəzi sosial səhifələr Ağsu rayonunda aparılan inkişaf islahatlarını pərdələmək yolu tutublar, dezinformasiya şəklində özəyi olmayan məlumatlar paylaşırlar. Lakin nəticə etibarilə Ağsudakı inkişafı hər kəs görür və alqışlayır.

Hazırladı: Rüstəm Zahidoğlu
Xəbərci.info-nun təsisçisi

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər