Bir şillə ilə dünyamız dağılmaz, bəlkə də xilas olar…

yan-21
10:05 2020
Gələcəkdə polis bölməsinin, narkoloji dispanserin qarşısında gözləməmək üçün fikirləşin

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, – cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Mənə elə gəlir ki, bir-iki ildən sonra Azərbaycan məktəblərində olan vəziyyət Hollivud filmlərində gördüyümüz kimi olacaq: Şagirdlər müəllimə istəsələr, qulaq asacaqlar, istəməsələr, yox. Və hətta müəllimi “neprav” çıxarmaq üçün yarışa girəcək, onu rassizmdə, qadın hüquqlarının pozulmasında, tolerant olmamaqda və sairdə ittiham edəcəklər. Ola bilər ki, stulunun üstünə saqqız yapışdırsınlar, icazəsiz sinifdən çıxsınlar, yanında siqaret çəksinlər, müəllim səsini çıxaranda isə ona bir qapaz da vursunlar. Soruşa bilərsiniz ki, axı niyə? Niyəsi çox sadədir.

Təhsil sistemimiz elə gündədir ki, başqa gələcəyə ümid də qalmır. Yuxarıda təsəvvür etdiyim səhnə Bakı məktəblərinə yol açıb artıq. İndi uşaqlar da dəyişib, valideynlər də, müəllimlər də. Mənim oxduğum məktəbin direktorunun ayaması “Kişi” idi. Allah rəhmət eləsin o qadına, amma o olmasaydı, yəqin ki, yarı Yasamal, yarı “Sovetski”, yarı “Kubinka”dan olan uşaqlarımızın qabağını almaq olmazdı.

Mən ona gətirilən gülü götürüb, parfüm şüşəsini “məni təhqir etməyin”, – deyərək, pəncərədən atan müəllimlər görmüşəm. Orta yaşlı insanlar bizim dövrümüzdə müəllim adının necə uca tutulmasının canlı şahidləridir: müəllim bizim üçün Allah idi. O, başqa cür yeyir, başqa cür gəzir, başqa cür yaşayır, – deyə biz fikirləşirdik. Dərsə gecikəndə, şuluqluq edəndə, “şatal” çıxanda belə, içimizdə bir qorxu vardı: “Kişi” görsə, batdıq.

Yadımdadır, bir dəfə sinfin bütün oğlanlarını siqaret çəkən yerdə tutmuşdu. Başımıza bir oyun açdı ki, bu günə qədər kimsə kiməsə şapalaq vurdu deyiləndə, birinci o qadın, onun barmağındakı yekə üzüyü yadıma düşür və yanağım gizildəyir. Hələ evə qayıdandan sonra valideynlərimizdən yediyimiz kötəyi demirəm…

Bax beləcə, elmə dəyər verən “əzazil” müəllimlərimizin, “müəllim həmişə düz deyir, sənin pisliyini istəmir” deyən valideynlərimizin tərbiyəsi ilə biz oxuduq və sinfimizdə yalnız iki nəfərdən başqa (onlar hərbi təhsil yolunu tutdular) hamımız ali məktəblərə qəbul olduq.

Deyəcəksiniz ki, bütün bunları niyə deyirəm. Bəri başdan deyim ki, mən nə İbarhim Cəfərov, nə də Elnurə Məmmədovanı tanımıram və onların düz və ya səhv etdiklərini də iddia edə bilmərəm. Mən, ümumiyyətlə təhsilimzidə olan tendensiyaya qarşı çıxmaq istəyirəm. Ötən həftə məlum oldu ki, sən demə 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) şillələyib. Və bununla bağlı uşaqğın valideyni polisə şikayət edib. Nəticədə “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə, adamı işdən çıxardılar.

Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin müəllimi Elnurə Məmmədova isə uşaqlardan birini döyüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrə qoyulub. Nəticə – müəllim işdən azad olunub…

Uşaqlara qarşı zorakılığın əleyhinə olmuşam, amma bu iki faktdakı kimi müəllimlərdən də bir sadist imici düzədilməsinin əleyhinəyəm. Bu gün müəllimlər cəmiyyətin ən az müdafiə olunan təbəqəsi sırasındadırlar. Aşağı maaş, oxumaq istəməyən, müəllimlə məzələnən şagirdlər və onlara çırtma nədi, adi söz deyilsə belə, hücum çəkməyə hazır olan valideynlər.

Siz Allah, uşaq zorakılığına qarşı hansısa konvensiyaların-filanın arxasında gizlənməyin: zəmanə, mobil telefonlar uşaqları elə günə qoyub ki, məktəbdə müəllimin avtoriteti olmasa, onlardan bir şey çıxmayacaq. Adam ola bilməyəcəklər. Nolar, oxumayan, dəcəl uşağa bir sillə vuranda? Guya həmin sillələrdən sizə dəyməyib, ay sovet dövründə və müstəqilliyin ilk illərində şagird olmuş valideynlər?! Axı niyə başa düşmürsüz ki, sovet dövrünün müəllimləri sınaqdan çıxmış, psixoloqların da rəy verdiyi bir metodla işləyirdilər?

O zamankı müəllimlər yaxşı oxuyan uşağı dəstəkləməklə yanaşı, pis oxuyanları cəzalandırır, sonra da bir yaxşı oxuyana təhkim edirdilər ki, o da dala qalmasın. Onlar çiy material olan dəcəl uşaqdan adam düzəltmək üçün çalışırdılar – bütün vasitələrlə. Və etiraf edək ki, çox vaxt da alınırdı.

Odur ki, bəlkə də uşağınızı gələcəkdə gözləyəcək böyük bəlalardan xilas etmək üçün vurulan bir şilləyə görə müəllimə hücum çəkəndə, polisə müraciət edəndə, videonu sosial şəbəkələrə yerləşdirəndə fikirləşin. Müəllimə görə yox, savadlı müəllim onsuz da özünə iş tapacaq, uzağı Hadı müəllim demiş, gedib tikintidə fəhləlik edəcək. Öz uşaqlarınıza görə! İndi fikirləşin ki, gələcəkdə polis bölməsinin və ya narkoloji dispanserin qarşısında gözləməyəsiniz.

P.S. Allah sənə rəhmət eləsin, KİŞİ!

/ayna.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər