Musa Şəkiliyevin Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon sakinlərinə təbriki

dek-29
11:12 2019
Əziz qaxlılar!

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, bütün qaxlılara sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Qaxın inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.
Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” elan olunmuşdur.
Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi, onların əlaqələndirmə şurasının yaradılması, xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsinin təsis edilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bilavasitə həyata keçirilmişdir. "Harada yaşamasından aslı olmayaraq hər bir Azərbaycanlının bir vətəni var - Azərbaycan Respublikası". Bu müdrik kəlam da Heydər Əliyevə məxsusdur.
Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Yola saldığımız hər bir il kimi 2019-cu il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olmuşdur.
2019-cu ildə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli və ardıcıl tədbirlər davam etdirilmiş, enerji ehtiyatlarımızın dünya bazarlarına çıxarılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində aparılan işlər gücləndirilmiş, kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılmışdır.
Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yeni iş yerlərinin yaradılmasına, işsizliyin və yoxsulluğun minimum səviyyəyə endirilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış, Azərbaycan kosmik ölkələr arasında öz yerini möhkəmləndirmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər görülmüş, ordumuz dünyanın güclü ordularının siyahısına daxil edilmişdir.
2019-cu il ölkənin mədəni-ictimai həyatında da bir çox əlamətdar hadisələrlə yadda qalmışdır. Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq respublikada, eləcə də dünya miqyasında çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Əziz dostlar!
Sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, Yeni İldə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
Yeni iliniz mübarək!

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər