Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları

dek-04
12:06 2019
Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi zaman qarşısına bir hədəf qoydu - Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin siyahısında yer alması üçün davamlı iqtisadi inkişafını və əhalisinin sosial rifah halında yaşamasını təmin etmək. Biz 16 ildə Prezident İlham Əliyevin bu hədəflərinə nail olmaq üçün həyata keçirdiyi real siyasətinə şahidlik edirik. Təsadüfən bu ötən 16 ili təkcə ölkə əhalisi deyil, eyni zamanda dünya birliyi də Azərbaycanın inkişafında yeni bir era adlandırır. Çünki Azərbaycan Prezidenti ötən bu müddət ərzində qarşı qoyulan hədəflərə nail olmaq üçün davamlı olaraq genişmiqyaslı islahatlar, Dövlət Proqramları, meqalayihələr icra edib. Ötən 16 ilin elə bir ili yoxdur ki, islahatlar prosesi dərinləşməsin və ya təkmilləşməsin. Azərbaycan Prezidenti qarşıya qoyulan məqsədlərə nail olmaq və uğurla həyata keçirmək üçün mərhələli şəkildə istisadi, siyasi, idarəetmə, kadr sahəsindəki islahatlar siyasətini davam etdirdi. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Prezidenti tərəfindən 2016-ci “Strateji Yol Xəritəsi” qəbul edildi və bu sənəddə qarşıya qoyulan hədəflərə nail olmaq üçün konkret olaraq hansı addımların atılması və vaxt müəyyənləşdirildi.
2018-ci ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanan Prezident İlham Əliyev növbəti mərhələni Azərbaycanın iqtisadi və sosial rifah ölkəsinə keçidə sonuncu mərhələ adlandırdı. Bəyan etdi ki, 2025-ci ilədək Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri sırasında yer almaqla yanaşı, sosial rifah ölkəsinə çevriləcəkdır. Qarşıya qoyulan hədəflərə nail olmaq üçünsə növbəti mərhələdə islahatlar daha geniş miqyas alaraq dərinləşəcək. Növbəti mərhələdə xalqın etimadını qazanan İlham Əliyev seçkiöncəsi bəyan etdiyi proqramları və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün konkret addımlara başladı. Ölkə başçısı ilk olaraq sosial sahədə genişmiqyaslı islahatlara başladı ki, bu proses 2019-cu ildə daha da dərinləşdi. Prezident ilk olaraq şəhid ailələri və Qarabağ müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra ciddi sərəncamlar imzaladı. Biz bura 12 mindən artıq şəhid ailəsinə birdəfəlik kompensasiyanın verilməsini, şəhid övladlarının ali təhsil haqqından azad edilməsi və sair kimi misalları çəkə bilərik. Sosial sahədə həyata keçirilən islahatlar sonrakı mərhələdə ölkənin digər bütün sosial həssas təbəqəsini əhatə edən islahatlarla yadda qaldı. Belə ki, minimum əməkhaqqıları, pensiyalar, müxtəlif növ müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Hətta pensiya və minimum əməkhaqqı qısa zaman ərzində ikidəfəyədək artırıldı. Hansı ki, sosial sahədə həyata keçirilən bu islahatlar 4 milyona yaxın insanı əhatə etdi.

Bununla bağlı “Ölkə.Az”a açqılama verən millət vəkili Musa Quliyev deyib ki, Azərbaycan Prezidenti 2003-cü ildən etibarən əhalinin sosial müdafiəsinin güclənməsi və rifah halının yaxşılaşması istiqamətində addımlar atıb:

Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları


“Bu siyasət bu gün də davam etməkdədir. Son dövrlərdə davamlı olaraq bu istiqamətdə atılan addımlar da əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması və rifah halının yaxşılaşmasına xidmət edir. Bu siyasətin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti və prezidenti bariz formada xalqın yanındadır”.

Onun sözlərinə görə, ölkə başçısının 2019-cu il ərzində sosial sahədə verdiyi fərman və sərəncamlar 4 milyonadək insanı əhatə edəcək və bu istiqamətdə işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək:

“Bildiyiniz kimi 2016-ci ildə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı “Strateji Yol Xəritəsi” müəyyənləşib və bu sənəddə Azərbaycan Avropa Sosial Xartiyasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir. Yəni Xartiyaya, əsasən Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bütün bu və digər məsələlər qarşıdakı 4-5 il ərzində həyata keçirilməlidir. Məqsəd də yoxsulluğun tam aradan qaldırılaraq, kasıb insanların sayının minimuma endirilməsidir. Dövlət əhalinin sosial rifah halını yüksəltməklə cəmiyyətdə barışın və harmoniyanın yaradılmasının təmin olunmasına çalışır. O baxımdan biz 2019-cu ildə və qarşıdakı illərdə sosial sahədə daha ciddi qərarların veriləcəyinin şahidi olacağıq”.

Millət vəkili əlavə edib ki, Azərbaycanda sosial rifah dövlətinin qurulması istiqamətində bundan sonra daha ciddi işlər görüləcək və addımlar atılacaq.
Sosial sahədə həyata keçirilən islahatlar bununla bitmədi. İslahatlar ölkənin ciddi narahat edən digər sosial problemlərin həlli sahəsində də müşaiyət olundu. Belə ki, 2015-ci ildə ölkədə baş verən devalvasiya nəticəsində əhalinin banklara olan borcunun silinməsi ilə yadda qaldı. Ölkə başçısının sərəncamı ilə 600 min insanın 10 min dollarədək olan borcunun silinməsi istiqamətində ciddi addımlar atdı və bu məsələ qısa zaman ərzində öz həllini tapdı. Digər bir məsələ isə çoxmənzilli binaların sənədləşdirilməsi istiqamətində oldu. Hansı ki, mənzillərin sənədləşdirilməməsi nəticəsində on minlərlə insan öz mülkünə sahib ola bilmirdi.

Burada da xüsusi bir məqamı qeyd etmək lazımdır ki, bu islahatların böyük bir hissəsi qısa zaman ərzində həll olundu.

İslahatlar prosesi paralel olaraq iqtisadi, struktur və kadr islahatları ilə davamlı olaraq müşaiyət olundu. Ölkə başçısının həyata keçirdiyi struktur və kadr islahatları demək olar ki, hakimiyyətin mərkəzi icra hakimiyyəti və məhkəmə-hüquq-sistemində sürətlə getməkdədir. Artıq mərkəzi icra hakimiyyəti sayılan Prezident Administrasiyasında bu islahatlar yekunlaşıb. Mərkəzi icra hakimiyyətinin digər qolu olan Nazirlər Kabinetində də bu proses yekun mərhələsinə qədəm qoyub. Proses məhkəmə-hüquq sistemində də getməkdədir. İslahatlar prosesinin artıq qanunverici orqanda da aparılması nəzərdə tutulub. Ölkə başçısı tərəfindən həyata keçirilən bu kompleks islahatlar əhali tərəfindən müsbət qarşılandığından Milli Məclisdə təmsil olunan deputatlar yekdil formada həyata keçirilən islahatlara dəstək vermək və bu prosesdə iştirak etmək üçün parlamentin buraxılması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət etmək barədə qərar qəbul edib. Milli Məclisin ölkə başçısına ünvanladığı müraciətdə qeyd olunub ki, Milli Məclis deputatlarının ölkə vətəndaşları tərəfindən yenidən seçilməsini zəruridir. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla, həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Ölkə.Az”a açıqlamasında həyata keçirilən iqtisadi və struktur islahatlarını belə dəyərləndirib:

Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları


“Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Cənab Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur”.
V. Qasımlı əlavə edib ki, Prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir:

“Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir.

Struktur islahatların gətirəcəkləri faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir”.

İqtisadçı ekspert Vüqar Bayramov isə “Ölkə.Az”a açıqlamasında deyib ki, Azərbaycanda son kadr və struktur islahatları ölkədə iqtisadi inkişafın yeni bir mərhələyə qədəm qoyduğunu göstərir:

Ali hədəflərə xidmət edən iqtisadi, sosial, struktur və kadr islahatları


“Nəzərə alsaq ki, əvvəlki dövrdə biznes mühitinin yaxşılaşdırılması, dövlət xidmətlərinin elektronlaşdırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xüsusən də 2019-cu ildən gizli iqtisadiyyata qarşı mübarizənin genişləndirilməsi əsas prioritetlər olub, bu islahatlar davam edir və öz əhəmiyyətini qoruyub saxlayır. Amma müasir çağırışlara uyğun olaraq artıq islahatların yeni bir mərhələsi, xüsusilə kadr və struktur islahatlarının aparılması zərurətə çevrilib. Struktur islahatları idarəetmə aparatının çevikliyi və qərarların daha qısa zamanda, eləcə də dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi baxımından vacibdir. Strukturun çevik olması həm çağırışlara daha tez reaksiya verilməsi, həm də iş adamları və sadə vətəndaşlar üçün daha əlçatan xidmətlərin təklif edilməsi, nəticədə biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir".

V.Bayramov bildirib ki, kadrlar inkişafda çox önəmli rol oynayır və köhnə təfəkkürlü kadrlarla islahatların davam etdirilməsi mümkün deyil:

“Kadr islahatları ona görə vacibdir ki, yeni texnologiyalar, yeni innovasiyalar, idarəetmənin yeni metodlarla təşkilinin tətbiqinə nail olunması mümkün olsun”.

O əlavə edib ki, həm struktur, həm də kadr islahatlarının birlikdə aparılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi baxımından zəruridir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, davamlı olaraq həyata keçirilən iqitsadi, sosial, struktur və kadr islahatlarının dərinləşməsi və təkmilləşməsi növbəti mərhələdə Azərbaycan üçün qeyri-neft sektorunda daha çox sərmayə, iş adamları üçün münbit biznes mühiti, eləcə də vətəndaş üçün dövlət xidmətlərinə daha genişləndirilmiş əlçatanlıq vəd edir. Bütün bunlar da ölkədə dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılması və makroiqtisadi sabitliyin uzunmüddətliliyini təmin edəcək. Azərbaycanda müasir dövrün çağırışlarına uyğun həyata keçirilən struktur və kadr islahatları davamlı iqtisadi inkişafın təmin edəcək ki, bu da nəticə etibarı ilə ölkəmizin dünyanın ən inkişaf etmiş dövlətlər sırasında yer almasınavə sosial rifah ölkəsinə çevrilməsinə keçidi təmin edəcək.

Son olaraq onu da qeyd etmək lazımdır ki, bu islahatların və hədəflərin bir məqsədi də var. Bu da ondan ibarətdir ki, işğal altında olan torpaqlarımızın işğaldan azad olunması… İşğal altında olan torpaqların azad olunmasının yeganə yolu Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən keçir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin ana xəttini ölkə vətəndaşının layiqli həyat tərzini təmin etməklə yanaşı, işğal altında olan torpaqları azad etməklə dövlətimizin suverenliyini təmin etmək. Bax budur yürüdülün siyasətin ana xətti.

Səbinə Cavadova
Ölkə.Az

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən “SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqədə iştirak üçündür.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər