Mirəli Şixəliyev: "Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verdi"

noy-19
13:30 2015
Mirəli Şixəliyev: "Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verdi"
“Mən Azərbaycanlıyam” rubrikasının bu günkü qonağı Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Mirəli Şixəliyevdir.

"Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !" deyən
Ümummilli liderimiz Heydər ƏLİYEV göstərirdi ki, hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir."
Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Mirəli müəllim deyir:

- Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olmuşdur.
Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə gələndə bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu müraciətdə tezislər şəklində həmin dövrün ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə baş verən hadisələr və cərəyan edən proseslərin xarakteri, Azərbaycanın daxili vəziyyəti, başlanmış iqtisadi, siyasi və milli böhran və ondan çıxış yolları və s. taleyüklü məsələlər özünün əsl elmi-nəzəri cavabını tapmışdır.
Heydər Əliyevin dövlət təlimində güclü dövlət anlayışı və özünün bütün atributları ilə birgə onun iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyevin düşündüyü güclü dövlət təkmil mərkəzi və yerli idarəetmə mexanizmi, ictimai-siyasi həyatı sabit, işlək qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi.
Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin.
Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim -azərbaycançılıq ideologiyasını da yaratdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total imtina meyli Azərbaycanda sözün həqiqi mənasında ciddi ideoloji boşluq yaratmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamamasından irəli gəlirdi.
Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı və vaxtilə məhz onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki əsri əhatə edir. XIX əsrin milli maarifçi hərəkat nümayəndələrinə qədər azərbaycançılıq əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi və onun milli səfərbəredici təsiri çox aşağı idi. Lakin XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən M.F.Axundov, A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları azərbaycançılığı xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və s. vasitəsi kimi təbliğ edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə və başqaları ilk dəfə azərbaycançılıq ideyasını bir az başqa məzmunda dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərmiş və Xalq Cümhuriyyətinin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışlar. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə azərbaycançılıq ideyası da sıxışdırılaraq kommunist ideologiyasının kölgəsinə salınmışdır.
Sovet dövründə azərbaycançılıq ideyası yalnız bədii əsərlərdə, adət-ənənələrdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir.
Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 60-80-ci illərdə azərbaycançılığın inkişafı üçün əlverişli ictimai-siyasi, elmi-mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellekt sahibləri geniş bəhrələnərək çoxsaylı əsərlər yaratmışlar. Bu illərdə yazılmış əsərlərdə azərbaycançılığın mühüm sahələri olan milli dilin, milli şüurun, adət-ənənələrin inkişafı və dünyada təbliğ edilməsi, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində böyük irəliləyiş müşahidə olunmuşdur.
Azərbaycançılıq ideyasının formalaşmasında 90-cı illərdə, dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni məqalə və s. əsərlərin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval- ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar azərbaycançılığı ümumtürklük ideyası ilə eyniləşdirərək ölkədaxili etnik və milli etimadsızlıq toxumu səpdilər ki, bu da azərbaycançılıq ideyasını müəyyən müddət ciddi iflasa uğratdı.
1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı.
Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının- dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.
Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sisteminə- dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
Azərbaycan dilinin rəsmi dövlət statusu alması və latın qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq ideyalarının, milli dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə bütün xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil edilən toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin onlarla keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsinin tam olmayan nümunələri idi.
2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması azərbaycançılıq ideologiyasının tarixində yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
Müasir Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin və xalqımızın firavan gələcəyinin təmin edilməsində Heydər Əliyevin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu dəfələrlə bəyan etmişdir. Ölkə başçısı Azərbaycan xalqının zamanın sınaqlarına sinə gərərək, müasir dünya xalqları sırasında layiqli yer tutmasını öz dili və mədəniyyətini qoruması, milli-mənəvi dəyərlərinə arxalanması ilə sıx bağlı olduğunu qeyd edir. Buna görə də bu gün elm və mədəniyyətə, vətənpərvərlik tərbiyəsinə, xalqımızın tarixi irsinə yetirilən diqqət dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub Heydər Əliyevin dövlətçilik təliminin yaradıcı şəkildə inkişafının təzahürü kimi özünü göstərir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər