Yeni qəbul ediləcək dini qanuna ilk etiraz YAP-çı baş redaktordan gəldi

avq-30
05:57 2019
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: “Başsağlığını qadağan etsələr, jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”

Milli Məclisin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinin müzakirəyə təqdim edilməsi nəzərdə tutulur. Layihədə nələrin nəzərdə tutulduğu, qanuna hansı dəyişikliklərin ediləcəyi ciddi maraq doğurur.

Bununla bağlı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a eksklüziv açıqlamasında diqqətçəkən fikirlər səsləndirib. O, rəsmi dövlət qəzetlərində rəsmi şəxslərdən, ölkə prezidentinin verdiyi başsağlığından başqa, digər şəxslərin başsağlığı verməsinin qadağan olunacağını bildirib. Yas mərasimlərindən danışan S.Novruzov mərasimdə iştirakın maksimum 10 dəqiqə olmasının vacibliyini önə çəkib. Fikirlərini isə bununla əsaslandırıb ki, mərasimə gələn dövlət işçilərinin zamanları az ola bilər. YAP funksioneri “ehsan qadağası”ndan da söz açıb və bununla bağlı bütün ölkə boyu sərt tədbirlərin görüləcəyini bildirərək, yalnız üç mərasimində ehsan verilməsinin qanuna ediləcək dəyişikliklər sırasında olacağını söyləyib. O, qəbir daşlarının eyni ölçüdə olmasına da toxunaraq bildirib ki, imkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək.

S.Novruzovun həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qanun layihəsinin lehinədir: “Belə bir dəyişiklik olarsa, bunun lehinə olacağıq. İllərlə biz bunu müdafiə etmişik. Ümumiyyətlə, mərasimlərin yüngülləşdirilməsi, sadələşdirilməsi hər kəsin marağına uyğundur. Hətta bunun daha sərt formada tətbiq olunmasının tərəfdarıyam. Azərbaycan insanı şöhrətpərəstdir. Başqası razı qalsın deyə tədbirlərini keçirir. Yası da bu cür edir. Bu xarakteri nəzərə alaraq məcburetməni artırmaq lazımdır. Bu olmasa, bunu başqa formada etməyəcəklər. Bütün bunlara görə məsələnin lehinəyəm. Amma yas mərasimlərinin vaxtı barədə deyilənlərin əleyhinəyəm. Bunu qanuna salmaq olmaz. Çox gülünc səslənir. Ümumi şəkildə deyilir ki, get 10 dəqiqə otur gəl. Qanuna belə sadə şeyləri salmaq ciddi səslənməyəcək. Amma bütövlükdə dəyişikliklər müsbətdir. 3 mərasimində ehsanın verilməsi ilə bağlı deyilənlər də tamamilə doğrudur. Əslində heç 3 mərasimində də verilməsinin bir məntiqi izahı yoxdur. Mərasimlərlə bağlı hamı bir-birinə baxıb dəyişiklik etmək istəmir və nəticədə dəyişikliklər həyata keçmir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələrin həyata keçirməsi barədə deyilənlər mümkün deyil. Qəbir daşlarının ölçüləri haqqında Nazirlər Kabinetinin qərarı olub. İndi bu məsələnin gündəmə bir daha gətirilməsi müsbətdir. Şöhrətpərəstlik bir xəstəlikdir. Bu xəstəliyə müalicə kimi baxmaq lazımdır. İnsan haqları kontekstindən məsələyə yanaşılanda, əlbəttə, həyata keçməyəcək. İnsanlar özləri islah olunmurlarsa, biz nə edə bilərik?”

Komitə sədrinin həm partiya, həm də deputat həmkarı olan, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov onun dediklərinə qarşı çıxdı: “Bizim İctimai birliklər və dini qurumlar komitəsinin sədrinin fikirləri ilə tanış oldum. Burada bəzi məqamlar var ki, onu düzgün yanaşma hesab etmirəm. Bunun da səbəbləri var. Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur. Bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun. Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Sizin qəzet də yaxşı bilir ki, reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik? Cənab prezidentin sosial paketi oldu. Bütün insan qruplarının hamısı o sosial paketdən bəhrələndi. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar da bundan bəhrələndi. Cənab prezident KİV-in İnkişafına Dəstək Fondunun dəstəyi ilə müstəqil mətbuatın maliyyələşməsinə çox böyük şərait yaradır. Sistemli şəkildə onlar maliyyələşirlər. Amma bizim qəzet bundan da kənardadır. Çünki bizim təsisçimiz dövlət qurumu, yəni Milli Məclisdir. Parlament isə bizə nə bir manat pul verir, nə də ayrıca bir maliyyə dəstəyi etmir. Ümumiyyətlə, heç bir şey etmədiyini açıq şəkildə söyləyirəm.

Baxmayaraq ki, qəzetimizin nizamnaməsində bütün maddi, maliyyə və texniki dəstəyin hamısını Milli Məclisin etməli olduğu yazılıb. Məsələnin çox mühüm olan bir tərəfi də var. Bilirsiniz ki, Azərbaycanda mətbuat azadlığı var. Bu azadlığın müstəqil, rəsmi və dövlət qəzetlərinin hər birinə aidiyyəti var. İnanmıram ki, qanunla mətbuata qadağan oluna kı, sən elan götürmə, elan vermə. Azərbaycanda heç vaxt inanmıram ki, mətbuat və söz azadlığı ilə bağlı məhdudlaşdırıcı qanun qəbul olunsun, yaxud da məhdudlaşdırıcı maddə olsun. Ona görə də millət vəkili, həm də yeganə rəsmi qəzetin redaktoru kimi, bu mövqeyi qəbul etmirəm. Burada qəzetin fəaliyyətinə qanuni şəkildə mane olma var. Azərbaycanda isə heç vaxt mətbuat azadlığı məhdudlaşdırılmayıb. Bizdə çox ciddi maliyyə sıxıntısı da yaranacaq. Bütün bu məsələləri həll yoluna qoymadan belə bir qanunun qəbulunu tez sayıram. Bunun mənəvi tərəfləri də var. İnsanlara şərait yaratmaq lazımdır ki, bir-birilərinin dərdlərinə şərik olsunlar, insanlar hüzr yerinə getməyə yüz kilometrlərlə yol sərf etməsinlər. Dünyanın bir çox ölkələrində başsağlıqları yarım səhifə verilir. Bir insanın imkanı var ki, başsağlıqlarını qəzetdə verdirir. Bu məcburiyyət deyil, könüllü bir şeydir. İnsanların bu istəklərinin qarşısına sədd çəkmək olmaz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər