Türkmənistan prezidentinin “ölüm xəbəri” ilə bağlı ilginc iddia

iy-23
07:19 2019
Politoloq: “Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub”

“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi”.

Bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib. Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı prezidentin Aşqabadda olmamasından istifadə etdi: “Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma Türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, – Korkodinov bildirib. (Axar.az) Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək: “Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.

Qeyd edək ki, bazar günü Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdiməhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.

Prezidentin ölümü barədə ilk olaraq politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər vermişdi. O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Bildirilib ki, Qurbanqulı Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb. Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin “Youtube” kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib. İlk saatlarda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib ki, bu da şayiələrə yol açıb. TASS-ın sorğusuna bu ölkənin Rusiyadakı səfirliyindən cavab gəlib. Səfirliyin nümayəndəsi bildirib ki, Türkmənbaşının ölüm xəbəri tamamilə yalan informasiyadır.

Üstündən bir gün keçəndən sonra Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov səhiyyə və tibb sənayesi işçiləri günü münasibətilə ölkənin tibb işçilərini təbrik edib. O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib. Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

“Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub”, – deyə prezident məktubunda bildirib.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkmənistan prezidentinin ölüm xəbərinin yayılması siyasi rezonansa səbəb oldu: “İlk növbədə maraqlı qüvvələr əsasən sistem daxilindən qaynaqlanırdı. Çünki elita daxilindəki müxalif qüvvə sarayda çevriliş yolu ilə yeni hakimiyyət qurmaq planına malikdir. İŞİD-in burada rol alması inandırıcı deyil. Çünki Orta Asiya ölkələrindən fərqli olaraq, İŞİD bu ölkədə geniş yayılmayıb. Baxmayaraq ki, Əfqanıstanla sərhəddə onların mövcudluğu var. Türkmənistan prezidentinə qarşı bu dezinformasiya xalqda panika yaratmaq və çevrilişə cəhd kimi bir siyasi gediş idi”. Ekspert deyir ki, burada maraqlı olan dövlətlər də var: “Hesab edirəm ki, kəşfiyyatın fəal müdaxiləsi ilə bunun qarşısı alınıb. Zaman-zaman Türkmənistanda sui-qəsd hadisələri baş verir. Bu, saraydaxili çevrilişdir. Hesab edirəm ki, Qurbanqulu Berdiməhəmmədov radikal addımlar atacaq və ona qarşı baş verən bu kimi siyasi proseslərin qarşısını alacaq. Təbii ki, bu prosesdə Kreml ona dəstək verəcək”. Politoloq onu da qeyd etdi ki, Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub: “Buradakı siyasi kataklizmlər gözləniləndir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər