Çernobıla turist kimi gedən azərbaycanlıdan xəbərdarlıq: “Xərçəng tutacaqsız…”

in-21
07:39 2019
Fotoqraf Orxan Əzim “ölü şəhər”də gördüklərindən bəhs etdi; Bakıdan bu əraziyə turlar 320 dollardan başlayır; ötən il radiasiyaya məruz qalmış şəhərə 60 min turist gedib

“Çernobıl” faciəsinə həsr olunmuş eyniadlı serialın dünyada doğurduğu səs-küydən sonra bu əraziyə turist axını başlayıb.

Turlar faciənin yaşandığı Ukraynanın Pripyat şəhərinə, ikincisi isə filmin kadra alındığı, “Çernobıl” stansiyasının imitasiyası olan “İqnalinsk” Atom Elektrik Stansiyasına təşkil olunur. “İqnalinsk” AES ziyarətçiləri üçün giriş biletlərini almaq elə də asan deyil. Belə ki, qiyməti 100 funt-sterlinq olan giriş bilet 2-3 ay öncədən alınmalıdır.

Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil etməyə başlayıb. Səyahət turunun qiyməti 366 dollardan başlayır.

Bu qiymətə hoteldə yerləşmə, ətraflı ziyarət ediləcək yerlərin gündəmi, səyahət sığortası, sənədli filmlərin izlənilməsi, marşrutun xəritəsi, Çernobıl qəzalı zonasını ziyarət etdiyiniz üçün xüsusi sertifikat daxildir.

Amma ərazidə radioaktiv şüalanmanın olmasına görə bir çox insanlar səfərdə iştirakı uyğun saymırlar. Lakin azərbaycanlı fotoqraf Orxan Əzim 2016-cı ilin fevralında Çernobıla səfər edənlərdəndir. Fotoqrafın “Yeni Müsavat”a bildirdiyinə görə, iyunun 19-dan Bakıda Çernobıl sərgisi başlayıb: “Sərgi 7 gün davam edəcək. Sağlamlığım qaydasındadır. Mən Pripyata Kiyevdən fərdi şəkildə getmişdim. Orada tur şəklində 1 gün ( nahar daxil) 125 dollar, fərdi isə 450 dollardır. Mən gedəndə turist yoxuydu. Amma ildə 45-50 min gedir. Serialdan sonra axın olub. Çernobılda iki gün qaldım. Orada hostel, restoran var. Bu da işçilər və turistlər üçün nəzərdə tutulub. Yəni şərait yaradılıb. Orada iş gedir. Bəzi qəsəbələrdə qocalar var. Ancaq ən çox zərər çəkən Pripyat şəhəri tam ölüdür. 1986-da orada zaman necə dayanıbsa, elə də durub. Məktəbi, xəstəxanası, binaları toxunulmaz saxlanıb. Orada gəzərkən hər hansı əşyanı götürmək olmaz. Əgər əlindən hansısa əşyan düşürsə onu da götürmək məsləhət deyil. Çünki hər şey radiasiyalıdır”.

O.Əzimin sözlərinə görə, nə gedəndə, nə qayıdanda bədənində radiasiyanı yoxladıb: “Amma saç tökülməsi olub, müəyyən allergik hallar var. Mənə elə gəlir ki, Çernobıldan sonra olub. Lakin hamı bir dəfə də olsa Çernobıla getməlidir. Sadəcə, psixoloji olaraq özünüzü hazırlamalısınız. Əgər hesab edirsiniz, xərçəng xəstəliyinə tutulacaqsız, onda getməyin. Bir növ psixoloji məsələdir”.

Onu da bildirək ki, “Baku Holday Travel” turizm firmasının rəsmi saytında məlumat verilib ki, Çernobıla həyəcan dolu səyahətə dəvətlisiniz: “Tarixin ən dəhşətli qəzası olan Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın fəsadlarının şahidi ola bilərsiniz. Radiasiyaya məruz qalmış şəhər 33 ildən sonra turistləri heyran edir. Bitkilərlə əhatə olunmuş atılmış maşınlar, içərisində ancaq kuləş hərlənən mənzillərlə filmlərdəki ruhlar şəhərini xatırladır. Bir çox Hollivud filmlərinin, o cümlədən məşhur ”Transformerlər” filminin bir neçə səhnəsi Çernobılda çəkilib”.

Şirkət elan edib ki, turun qiyməti 320 dollardır: “Çernobıl ərazisi o qədər böyükdür ki, gəzmək üçün 1 gün azlıq edir. Sizə 2 günlük səyahəti 320 dollardan başlayan qiymətlərlə təklif edirik”.

Ukrayna təxminən 10 il bundan qabaq ərazini təhlükəsiz elan edərək turist ziyarətinə açıq elan etmişdi. Bura gələn turistlərin özbaşına gəzmələrinə icazə verilmir.

Turlar müxtəlif nəzarət altında reallaşır. Bundan başqa, turistlərin bölgədəki tikinti qalıqlarına, bitkilərə toxunmağına, bölgədən hər hansı əşyanı çıxarmağına icazə verilmir.

Qeyd edək ki, Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində fəlakətli bir nüvə qəzası baş verib. Qəza, eyni bir RBMK reaktor tipində, az hazırlanmış işçilərlə uyğun olmayan bir şəkildə yoxlanan sınaq zamanı yaranıb. Yanğın 4 may 1986-cı il tarixində söndürülənə qədər 9 gün müddətində davam edib.

Yanğından atmosferə buraxılan parçalanma məhsulları SSRİ-nin və Qərbi Avropanın bəzi bölgələrinə çöküb. Yanğın zamanı buraxılan təxmini radioaktiv inventar ilk dağıdıcı partlayışda buraxılan havadakı parçalanma məhsullarının böyüklüyü ilə təxminən eyni idi.

2018-ci ildə Çernobılı təxminən 60 min turist ziyarət edib. Ukraynalı turizm şirkətləri bu ilin mayında turist sayının 30 faiz artdığını bildiriblər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər