“Erməni işi” üzrə yeni həbslər başladı

apr-30
12:01 2014
“Erməni işi” üzrə yeni həbslər başladı

Yunus istintaqa, həyat yoldaşı reanimasiyaya...; Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu və onun həyat yoldaşı Arif Yunusu Bakıdan çıxmağa qoymadılar; saatlarla dindirilən hüquq müdafiəçisinin ofisində və evində axtarış aparıldı; onların bank hesablarına da həbs qoyulub; “ermənilərlə əlaqə”yə görə daha kimlər hədəf seçilib?


Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. L.Yunus AzadlıqRadiosuna deyib ki, əvvəlcə onların ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər, çamadanlarında axtarış aparıb bu prosesi kameraya çəkiblər, bundan sonra evlərində və Sülh və Demokratiya İnstitutunun ofisində axtarış olacağını bildiriblər.

L.Yunus qeyd edib ki, axtarışı nəyin əsasında apardıqları, onları niyə saxladıqları barədə heç bir məlumat verilməyib: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski təcili aeroporta gəlmiş vəkilim Xalid Bağırovun mənimlə görüşünə və axtarışda iştirakına imkan vermədi. Prezident Administrasiyasından sifariş verilib ki, Ermənistana işləyən böyük bir casus qrupu tapılsın. Mən də həmin qrupun rəhbəri olacam”.

Leyla və Arif Yunusları aeroportda yola salan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bunları deyib: “Onlar hava limanına haradasa saat 10-da gəldilər. Fransa səfirinin birinci katibi və ABŞ-ın müvəqqəti işlər vəkili onları müşayiət edirdilər. Onlar Brüsseldəki tədbirə dəvət almışdılar, ora gedirdilər. Amma sərhəd keçid məntəqəsində pasportlarını götürüb onlara ölkədən çıxmalarının qadağan olunduğunu bildirdilər.

Diplomatların hökumətlə danışıqlarından sonra pasportlarına ştamp vuruldu və uçuşlarına icazə verildi. Amma sonradan uçuşa buraxılmadılar. Haradasa saat 23:15-də Leyla Yunus mənə zəng elədi ki, 4 nəfər mülki geyimli şəxs onların çamadanlarına baxış keçirir. Bundan sonra evlərində və ofislərində də axtarış aparılacaq".

Vəkil Xalid Bağırov deyib ki, Yunusları jurnalist Rauf Mirqədirovun işi ilə bağlı saxlayıblar. Çünki bu işə görə Leyla Yunusun şəxsi bank hesabına həbs qoyulub.
Leyla Yunus istintaqa, Arif Yunus reanimasiyaya

Leyla Yunus və həyat yoldaşı mühafizə altında gecə saatlarında hava limanından evlərinə gətirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yunusların evlərində axtarış aparılacağını bildirib.

Vəkil və Leyla Yunus öncə prokurorluq əməkdaşlarından axtarış haqqında qərar tələb ediblər.

Bir qədər keçdikdən sonra Arif Yunusun səhhəti pisləşib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumatda o da deyilir ki, xəstə qan təzyiqi ilə əlaqədar reanimasiyaya yerləşdirilib: “Bura daxil olanda vəziyyəti orta ağır idi. İndi huşu özündədir. Şikayəti zəifliyindəndir”.
Leyla Yunus evində axtarışda azı 4 nəfər yaxınının və ya hüquq müdafiəçisinin iştirak edəcəyini tələb edib: “Mənim dörd otağım var. Hər otaqda bir nəfər gözləməlidir ki, evimə narkotik və ya başqa əşya yerləşdirməsinlər”, deyə, axtarış aparacaq şəxslərə bildirib.
Beləliklə, bir neçə saat keçməsinə baxmayaraq axtarış baş tutmayıb. L.Yunus deyib ki, onun evində keşik çəkən polis ona qarşı hörmətsizlik edib. Bu barədə Novella Cəfəroğlu bunları deyib: “Qadına qarşı belə biabırçılıq olar?! Həmin polis Leyla Yunus tualetə gedəndə durub tualetin qabağında və deyib ki, mənim yanımda tumanını çıxart gir tualetə. Leyla Yunus da tualetə polisin qabağında gedib oturub. Leyla Yunus xəstədir, onun şəkəri var”.

Qeyd edək ki, həmin polislə söhbət zamanı Leyla Yunus onun papağını başından götürüb yerə də atıb.

Aprelin 29-u səhər saat 7 radələrində Leyla Yunus dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.

Saatlarla davam edən sorğu-sualdan sonra jurnalistlərin qarşısına çıxaraq, onların bir sıra suallarına cavab verib.

L.Yunus istintaqda nəyə görə ittiham olunduğu barədə danışaraq deyib ki, bu, hələ onun özünə də məlum deyil. Leyla Yunus bildirib ki, ifadə verdiyi müddətdə ondan yalnız “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovla münasibətləri, Mirqədirovla dost olub-olmadığı barədə soruşublar: “Dedim ki, bəli, onunla dostam, yaxşı münasibətlərim var”. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona hər hansı ittiham elan edilməyib. İdarədə heç bir sənədə qol çəkmədiyini söyləyən Leyla Yunusun sözlərinə görə, ona Bakını tərk etməmək barədə iltizam təqdim ediblər, amma bu sənədi imzalamayıb.

Vəkil Xalid Bağırov qeyd edib ki, Leyla Yunus Rauf Mirqədirovun işi üzrə şahid qismində istintaqa cəlb olunub.

Ofisdə axtarış

Bundan sonra hüquq-mühafizə orqanları Leyla Yunusun Nizamı 53 ünvanında yerləşən ofisində axtarışa başlayıblar. Jurnalistlər axtarış aparılan ünvana buraxılmayıb.
Jurnalistlərə açıqlama verən Leyla Yunus bildirib ki, ona iki gündür, işgəncə verilir: “Mən deyirəm ki, Azərbaycanda siyasi məhbuslar var. İlham Əliyev isə deyir ki, yoxdur. Mən evləri uçurulanları müdafiə edirəm. Bunlar mənə psixoloji təzyiq edirlər. Bunlarda vicdan yoxdur. 60 yaşım var. Ərim hazırda ölümlə əlləşir. Sona qədər bunları ifşa edəcəyəm. Heç nədən qorxmuram”.

Leyla Yunus ofisdəki və evindəki axtarış prosesi sona çatandan sonra yenə jurnalistlərin qarşısına çıxıb. O, mətbuat nümayəndələrinə bildirib ki, ofisdən QAT sədri Akif Nağı tərəfindən nəşr olunmuş kitab, həyat yoldaşı Arif Yunusun 8 kitabı və 1994-cü ildə çap edilmiş erməni dilində bir kitab müsadirə olunub.

“Qarşıdakı günlərdə kütləvi həbslər gözlənilir”. Bu barədə isə axar.az Baş Prokurorluqdakı etibarlı mənbəyə istinadən xəbər verib. Mənbənin sözlərinə görə, jurnalist Rauf Mirqədirovdan sonra hüquq müdafiəçisi Leyla Yunusun saxlanılması təsadüfi deyil: “Rauf Mirqədirovla bağlı açılan cinayət işində daha 15 nəfərin adı keçir. Onlarla bağlı xeyli sübutlar toplanılıb və hazırda onların ermənilərlə işbirliyi təftiş edilir”. Mənbənin məlumatına görə, daha 15 nəfər haqqında da həbs-qətimkan tədbiri seçiləcək".

Mənbə həmin şəxslər içərisində ictimaiyyətdə tanınan şəxslərin də olduğunu bildirdi.
Fransa səfirliyi açıqlama yaydı, Müsavat bəyanat

Fransanın Azərbaycandakı səfirliyi Yunuslara 5 illik viza verdiyini təsdiqləyib. Səfirliyin mətbuat katibi Cəmilə Axundova mediaforum.az saytına deyib ki, səfirlik vizanı Leyla Yunusa və Arif Yunusa aprelin 28-də verib. Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb.

Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Bakı aeroportunda olduğunu təsdiqləyib: “Amma bunun səbəbləri haqda məlumatım yoxdur”.
“Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusa uzunmüddətli viza verilməsi, onları hava limanına qədər xarici səfirliyin nümayəndəsinin müşayiət etməsi müəyyən müəmma yaradır. Belə çıxır ki, kimlərsə Leyla Yunus və onun həyat yoldaşının Azərbaycandan xaricə çıxmasında və yaxud çıxarılmasında, daha tez getməsində maraqlı olublar”. Bunu "Trend"ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

M.Qurbanlı vurğulayıb ki, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun məsələsi gündəmə çıxandan sonra Leyla Yunus bununla bağlı çox canfəşanlıq edir: “O, nədən bu məsələyə bu qədər diqqət yetirir, istintaqın gedişini və nəticəsini gözləmədən hay-küy qaldırır? Məntiqlə düşünəndə, görünür, Rauf Mirqədirovun saxlanılması hansısa formada Leyla Yunusu narahat edir”.

YAP rəsmisi qeyd edib ki, Leyla Yunus və onun həyat yoldaşının saxlanılmasında siyasi rəng axtarılmamalıdr.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Arzu Abdullayeva, Əvəz Həsənov və Mirvari Qəhrəmanlı prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə polisin Leyla Yunus və Arif Yunusa qarşı qeyri-etik davrandığı, bunun hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olduğu bildirilir. Qeyd olunur ki, bu hadisələrin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Fransa prezidenti Fransua Olandın, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Bakıya səfəri ərəfəsində baş verməsi Azərbaycanda stabilliyi pozmaq istəyində olan xarici qüvvələrin əlinə ölkəmizi tənqid etmək üçün əsas verir.

Hüquq müdafiəçiləri prezidentdən qanun pozuntusuna yol vermiş hüquq-mühafizə orqanları əməkdaşlarının cəzalandırılmasını, istintaq orqanlarının Leyla Yunusa qarşı şübhələri obyektiv araşdırması üçün işi nəzarətində saxlamasını xahiş ediblər.
Arif Yunusun ABŞ-da yaşayan qardaşı Ramiz Yunus mediaforum.az saytına açıqlamasında deyib ki, Azərbaycan hakimiyyəti onları həbs etməklə cəmiyyətdə vahimə yaratmaq istəyir, göstərmək, demək istəyir ki, müxalif mövqedə olanların hamısını qorxu altında yaşamağa məcbur edəcək.


Müsavat Partiyası da baş verənlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Leyla Yunusa qarşı hüquq-mühafizə orqanları nümayəndələrinin qeyri-insani rəftarı barəsində sosial şəbəkələrdə yayılan məlumatlar, xüsusən onların əxlaqa zidd hərəkətləri hakimiyyətin bütün sərhədləri keçməsini sübut edir. “Prokurorluqda dindirilən Leyla Yunusa qarşı heç bir cinayət əməlinə dair sübut təqdim edilmədiyi halda ondan ölkəni tərk etməmək haqqında xəbərdarlığa imza tələb olunması hüquqi nihilizmdir. Müsavat Partiyası Arif və Leyla Yunusa qarşı həyata keçirilən qeyri-qanuni hərəkətləri pislədiyini bəyan edərək, bu biabırçılığa son qoyulmasını, onlara qarşı qanunsuz hərəkətlərə yol verənlərin qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir” deyə, bəyanatda bildirilir


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər