DYP Aynar Məmmədovun maşınlarını araşdırdı

apr-29
22:47 2014
DYP Aynar Məmmədovun maşınlarını araşdırdı


Bir neçə gündür avtoşluq etdiyi iddiası ilə qalmaqal yaşayan Aynar Məmmədova məxsus avtomobillər DYP-yə aparılıb, “Bakı XXI əsr” MMC-dəki icarədə və lizinqdə olan avtomobillərin isə lizinqi və icarəsi dayandırılıb.“Axar.az”a daxil olan məlumata görə, buna səbəb lizinqdə və icarədə olan, hüquqi şəxs adına verilən avtomobil nömrələrinin şəxsi maşınlarda istifadəsidir.

Polisin araşdırması

Araşdırmalar zamanı bəlli olub ki, Aynar Məmmədova aid olduğu iddia edilən və Zığ yolunda təhlükəli sürət yarışına çıxan “Mersedes S klass” markalı avtomobilin üzərindəki 10 AZ 458 dövlət nömrə nişanı əslində “Porşe KN” markalı avtomobilə aiddir. Həmin “Porşe KN” avtomobili isə lizinqdə, daha doğrusu, icarə xidmətindədir və hüquqi şəxs kimi Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən “Bakı XXI əsr” MMC-yə məxsusdur.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi ödəyiciləri ilə bağlı cəmiyyətə açıq məlumatların arasında da göstərildiyi kimi, “Bakı XXI əsr” MMC-nin sahibi millət vəkili Elton Arzuman oğlu Məmmədov göstərilir.

2004-cü ildə qeydiyyata alınan bu MMC-nin nizamnamə kapitalı 14.923.042.00 AZN göstərilib.

Belə məlum olur ki, “Bakı XXI əsr” MMC-yə aid olan icarədəki “Porşe KN” avtomobilinin dövlət nömrə nişanı başqa bir avtomobilə – “Mersedes S klass”a vurulub.

Belə halla bağlı hüquqi baxımdan hansı məsuliyyət nəzərdə tutulur?

4 bal və 60 manat

Xatırladaq ki, bu hüquqpozma qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən mayor Nazim Məmmədov “Axar.az”a bildirdi ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrinin icazəsiz dəyişdirilməsi yol hərəkəti qaydalarının tənzimləyən məcəllənin 155.3-cü maddəsi ilə məsuliyyət yaradır: “Həmin əməli törətmiş şəxsi 4 bal və 60 manat cərimə gözləyir”.

DYP əməkdaşı onu da bildirdi ki, bu cür hallarda həbs qərarı da çıxa bilər və bu zaman qərarı məhkəmə verir:

“Maşının üstünə taxılan nömrənin hansı şəraitdə, hardan alınması, kimdən alınması və s. kimi nüanslara görə məhkəmə həbs qərarı da çıxara bilər. Ancaq bu kimi hallar araşdırma tələb edir”.

Bakı DYPİ-dən rəsmi açıqlama

“Axar.az”ın suallarını cavablandıran Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirdi ki, vəd verildiyi kimi, sözügedən avtomobilə aid nömrələrin müxtəlif maşınlarda istifadəsi faktı artıq araşdırıldı:

“Bir avtomobilə aid olan dövlət nömrə nişanının digər avtomobillərdə istifadəsi qanunla qadağandır və hüquqi məsuliyyət yaradır. Amma vətəndaşın istəyi ilə bir nömrə digər avtomobilə qanunvericiliyə uyğun olaraq dəyişdirilə və qeydiyyatdan keçirilə bilər.

Araşdırmalar nəticəsində müəyyənləşdi ki, 10 LZ 100 dövlət nömrə nişanı müxtəlif vaxtlarda müxtəlif, daha dəqiq desək, 4 avtomobildə olub: “ML”, “Lənd Krouser”, “BMV” və s. Ancaq bunlar hamısı vətəndaşın şəxsi müraciəti əsasında dəyişdirilib, müxtəlif vaxtları əhatə edir və hər biri də qeydiyyata alınıb. Sadəcə, müxtəlif illərdə çəkilən şəkillər bir yerə toplandıqda yanlış olaraq o təsəvvür yaranıb ki, guya bu nömrə eyni vaxtda bu sadalanan maşınlarda istifadədədir. Halbuki o foto və videoların yayım tarixləri fərqlidir”.

V.Əsədov 10 AZ 458 nömrə nişanının hansı maşına aid olmasının isə araşdırılmadığını bildirdi:

““AZ seriyasının hüquqi şəxslərə aid olması barədə bir söz demək istəmirəm və bildirirəm ki, 10 AZ 458 nömrə nişanı araşdırılmayıb və məndə onun “Bakı XXI əsr” MMC-yə aid “Porşe KN” markalı avtomobilə və ya hansısa başqa avtomobilə aid olması barədə məlumat yoxdur”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev “AZ” seriyası ilə olan dövlət nömrə nişanlarının yalnız hüquqi şəxslərə verildiyini rəsmən təsdiqləyib. Onun sözlərinə görə, vətəndaş fiziki şəxs kimi “AZ” seriyalı nömrələrə sahib ola bilməz: “Vətəndaş əgər hüquqi şəxsdirsə, onun hər hansı bir şirkəti varsa, o zaman bu nömrəni ala bilər. Bu seriyalı nömrələr şirkətlərə, banklara, dövlət təşkilatlarına və digər bunu kimi yerlərə verilir”.

Mediaya açıq olmasına baxmayaraq, təəssüf ki, millət vəkili Elton Məmmədovla əlaqə saxlamaq və yayılan bu xəbərlərə münasibətini öyrənmək mümkün olmadı.

xeberci.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər