Beynəlxalq miqyaslı maliyyə fırıldaqçısının Azərbaycan etirafları

apr-29
18:41 2014
Beynəlxalq miqyaslı maliyyə fırıldaqçısının Azərbaycan etirafları


2012-ci ildə İrana məxsus pulların qeyri-leqal dövriyyəsini təşkil etdiyinə görə bağlanan və sahibləri beynəlxalq axtarışa verilən Azərbaycan bankının Avstraliyada gizli ortağı meydana çıxıb. Özü də söhbət adi ortaqdan getmir.

Hazırda Sidneyin okean sahillərindəki 3 milyon dollarlıq dəbdəbəli mənzildə yaşayan və gümüşü “Rolls-Royce”də gəzən maliyyəçi Roland Bleyer “Royal Bank”ın maliyyə komitəsinin sədri olduğunu deyir.

Qalmaqallı imicə malik olan və fırıldaqçı kimi də tanınan Roland Bleyer barədə “The Age” qəzetində dərc edilmiş məqalədə deyilir ki, ilk baxışdan o, uğurlu maliyyəçi kimi görünür. Roland Bleyer onilliklər boyu davam edən biznes karyerası ərzində Livanın sui-qəsddə öldürülən baş naziri Rafiq Həriri ilə görüşdüyünü, Malayziya hökumətinin pul işlərini həll etdiyini, Yunanıstanı müflis olmaqdan xilas etmək üçün on milyardlar avroluq plan üzərində işlədiyini və Azərbaycanda banka ortaq olduğunu deyir.

O iddia edir ki, cəlbedici və sərfəli layihə olsa, onları həyata keçirmək üçün dünyanın iri banklarından milyardlarla dollar maliyyə cəlb etmək imkanına malikdir.

Roland Bleyerin adı Avstraliyada “Padbury” dağ-mədən şirkəti üçün Avstraliyanın qərb sahillərində dəmir yolunun çəkilməsi və liman tikintisi üçün 6,4 milyard dollar maliyyə təmin edəcəyinə dair verdiyi vəddən sonra mətbuatın gündəminə oturub.

1980-ci illərin əvvəllərində saç klinikaları şəbəkəsində işə başlayan və sonradan özünü dünyanın ən iri maliyyəçilərindən biri kimi tanıda bilən Roland Bleyerin keçmişi barədə çoxsaylı yazılar, məlumatlar getməkdədir. Bildirilir ki, ABŞ-ın daşınmaz əmlak şirkətləri şəbəkəsi olan “Urban”ın keçmiş vitse-prezidenti Ross Qliksman Roland Bleyeri birgə müəssisə yaradaraq 400 milyon dolları fırıldaqçı sxemlə mənimsəməkdə ittiham edir.

Yaxud 1995-ci ildə ABŞ Federal Məhkəməsi R.Bleyerin kredit kartı fırıldağı yolu ilə 150 min dollar ələ keçirdiyini sübut edib. Ona qarşı narkotik ittihamları da irəli sürülüb və Bleyer bütün bu ittihamlardan yaxasını qurtaraq Amerikadan qaça bilib.

R.Bleyerin fırıldaqçılığına dair çoxsaylı faktlar var və o, ABŞ-dan qaçdıqdan sonra 1998-ci ildən etibarən Avstraliyada yaşayır. Ancaq ilin üçdə iki hissəsini səyahətlərdə keçirir.

Roland Bleyer “Padbury” şirkəti üçün liman və dəmir yolu tikintisi layihəsini maliyyələşdirməyə hazır olduğunu elan edəndən sonra Avstraliyanın Qiymətli Kağızlar Komitəsi onu dindirib və bu maliyyəni haradan alacağını araşdırıb. Lakin Bleyer bu suala hələ də tutarlı cavab verə bilməyib və əvəzində baş nazirlərlə, iri bankirlərlə oturub-durduğuna dair misallar gətirib. Dinləmələrdə o, özünün maliyyə imkanlarını sübut etmək üçün Azərbaycanda “Royal Bank”ın maliyyə direktoru olduğunu da bildirib.

R.Bleyer 2000-2002-ci illərdə Yaxın Şərqdə “səyahətdə” olub və dediyinə görə, o vaxt Livanın baş naziri Rafiq Həriri ilə görüşüb.

“Mən onunla ilk dəfə görüşən kimi necə yaxşı adam olduğunu gördüm. Həriri o vaxt Livanın baş naziri idi, eyni zamanda kifayət qədər varlı adam idi. Mən təkcə onunla yox, hökumətinin bir çox üzvləri ilə də görüşdüm” - deyə Bleyer bildirir.

O, iddia edir ki, Həriri onu Suriya hökuməti ilə hansısa məxfi anlaşma üçün Dəməşqə göndərib.

“Təəssüf ki, mən Suriyada heç bir iş qura bilmədim, çünki amerikalılar məni xoşlamırdı” - deyə o, bildirib.

R.Bleyer “Heyman Private Equity” adlı investisiya fondu vasitəsilə 2010-cu ildə Yunanıstan hökumətini borc böhranından xilas etmək üçün 20 milyard avro borc təklif etdiyini də deyib.

Avstraliya mediası R.Bleyerin “Royal Bank”ın maliyyə direktoru olduğu barədə iddialarının izinə düşərək məsələni araşdırıb. Bleyer bankda nə vaxt maliyyə direktoru olduğunu dəqiq deməyib. Amma Avstraliya mediası internet resurslarından araşdırıb ki, “Royal Bank” 2012-ci ildə maliyyə fırıldaqlarına görə bağlanıb. Bununla belə Bleyer iddia edir ki, o, 2009-cu ilə qədər bankın maliyyələşmə mexanizmlərini idarə edirdi və beynəlxalq kreditorlardan iri vəsaitlərin cəlb edilməsini həll edirdi.

Avstraliya mediası xatırladır ki, “Royal Bank”ın idarə heyətinin sədri Əli Cam İran və Amerika vətəndaşı olub, bankı 2003-cü ildə alıb və işçilərinin sayını 13-dən 630-a çatdırıb.

“Belə görünür ki, bankın genişlənməsi Azərbaycandan cənubda yerləşən İrandan maliyyə aktivlərinin cəlb edilməsi sayəsində mümkün olmuşdu. Lakin 2012-ci ilin iyulunda ABŞ-ın İrana qarşı təzyiqləri artanda Azərbaycanın Mərkəzi Bankı bankın lisenziyasını ləğv etdi. Müflis olan bank əmanətçilərə 58 milyon Azərbaycan manatı borclu qaldı və bu pullar hələ də ödənməyib. Ötən həftə aldadılmış əmanətçilər Bakıda piket keçirdilər” - deyə “The Age” yazır.

Xatırladılır ki, “Royal Bank”ın rəhbərliyi beynəlxalq axtarışa verilib.

Belə məlum olur ki, Roland Bleyer “Royal Bank”dan “Urban Retail Properties” şirkətinin vitse-prezidenti Ross Qliksmanla yazışmalarında istifadə edib. Qliksmanla bağladığı müqaviləyə əsasən Bleyer amerikalı biznesmenlə şərik olaraq 10 iri ticarət mərkəzi açmalı, gəlirləri isə yarıbayarı bölməli idi.

Bleyer Qliksmanı əmin edir ki, layihəni maliyyələşdirmək üçün HSBC və “Barclays” kimi iri banklardan 6 milyard avroluq bank qarantiyası almağa razılaşıb. Lakin birinci transı almaq üçün bir neçə yüz milyonluq deposit lazımdır. Məktublardan birində Roland Bleyer Avstraliyadakı bankından 200 milyon dolların “Royal Bank” üzərindən transferini müzakirə edir. Yazır ki, onun Azərbaycandakı bankı Avstraliya bankından 200 milyon dollar qəbul etmək üçün “çox balacadır”. Aldadılan Qliksman bu məktubu Amerika məhkəməsinə təqdim edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər