Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər - MƏTN

fev-19
09:38 2019
Azərbaycan Qaçqınlar Cəmiyyəti Mətbuat Xidmətinin verdiyi məlumata görə, AQC-nin İdarə Heyəti adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Müraciət edilmişdir. Müraciətdə M.Əliyevanın Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın mədəni irsinin qorunması və dünya səviyyəsində təbliği sahəsində illərdən bəri gördüyü işlər yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçiləndən dərhal sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini xüsusi nəzarətə götürməsinin isə bu sahədə böyük bir dönüşə səbəb olduğu qeyd olunmuşdur.

Daha sonra Müraciətdə deyilir: “Lakin təəssüf ki, Azərbaycanda sanki hamı yaddan çıxarıb ki, Qarabağ münaqişəsinin ilk mərhələsində (1988-1991-ci illərdə) ən böyük itkimiz Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası ərazisində) min illərdən bəri yaşayan 250 min nəfər soydaşımızın ata-baba yurdlarından həmişəlik qovulması və həmin torpaqlardakı mədəni irsimizin məhv edilməsi oldu. O vaxt Azərbaycanda hakimiyyət başında olan anti milli və anti Heydər Əliyevçi qüvvələrin “xidməti” sayəsində o insanlar bir çox sıxıntılar yaşadılar, onlara nə vətənlərində qala bilmək üçün Azərbaycandan dövlət səviyyəsində dəstək verildi, nə də Azərbaycanda dövlət səviyyəsində maddi-mənəvi yardım göstərildi. Səbəb isə yalnız və yalnız o idi ki, həmin qüvvələr Qərbi Azərbaycandan gələnlərin Heydər Əliyevi dəstəkləyəcəklərini bilirdilər və bundan qorxurdular”.

Müraciətdə Qərbi Azərbaycan qaçqınlarına qarşı həmin biganəliyin dövlət qurumları tərəfindən bu gün də davam etdiyi təəssüflə qeyd olunur: “Bütün rəsmi dövlət sənədlərində 1988-1991-ci illərdə Ermənistandan 250 min qaçqın gəldiyi və bu gün onların sayının artıb 350 min nəfərə çatdığı qeyd olunsa da, Azərbaycanda heç bir dövlət qurumu həmin qaçqınların problemləri ilə məşğul olmur. Bütün bunlar bizi belə düşünməyə vadar edir ki, o vaxtkı həmin anti milli, anti Heydər Əliyevçi qüvvələr və ya onların oxşarları bu gün də Azərbaycan hakimiyyətinin müəyyən strukturlarında əyləşiblər. Belə insanlar qaçqınlara belə münasibətlə ya bilərəkdən düşmən ideologiyasına xidmət edirlər, ya da Azərbaycan xalqının böyük bir kəsiminə mənfi münasibətlərinin əsiridirlər”.

Müraciətdə bu yaxınlarda qərbi azərbaycanlıların 1988-ci il soyqırımının 30 illiyinin və 1948-1953-cü illər deportasiyasının 70 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Cəmiyyətin etdiyi müraciətlərin dövlət tərəfindən cavabsız qalması da təəssüflə xatırlanır. “Biz bununla dünyaya mesaj vermək istəyirdik ki, Ermənistanın Qarabağı işğalı, özlərinin iddia etdiyi kimi, heç də buradakı erməni əhalinin sosial-iqtisadi maraqlarını müdafiə etməklə bağlı deyildi, ermənilər eyni soyqırımını Xocalıdan, Kərkicahandan qabaq Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində türk-müsəlman əhaliyə qarşı törətmişlər. Bu gün prezidentimiz ən yüksək kürsülərdən deyirsə ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb, bizim bu faktın əyani sübutu kimi, 250 min qaçqının tarixi faciəsinin 30 illiyini dünyaya təqdim etməyimiz kimləri və niyə qorxudur?” – deyə Müraciətdə bildirilir.

Qərbi Azərbaycan Qaçqınları Mehriban xanım Əliyevaya müraciət etdilər - MƏTN







Daha sonra Müraciətdə deyilir: “Biz Qərbi Azərbaycan qaçqınları vətənini, millətini, dövlətini sevən insanlarıq. 30 ildir vətən itirmişik, o vətənin dağını, daşını, çayını, suyunu, havasını, torpağını itirmişik, ata-baba ocaqlarımızı, ata-babalarımızın məzarlarını itirmişik. Lakin 30 ildir Azərbaycanda Qərbi Azərbaycan adına bir muzey, bir xatirə kompleksi, bir xatirə parkı, bir abidə yoxdur. Sanki bu insanlar vətən qoyub gəlməyiblər. Dövlət bir yazıçının, bir sənətkarın yubileyini ən yüksək səviyyədə qeyd edir, bu, çox yaxşı! Dövlət qurumları işğal altında olan rayonlarımızın işğal gününü hər il yad edir, bu da çox yaxşı! Lazımdır, vacibdir! Bəs bizim işğal altında qalan İrəvan, Zəngəzur, Dərə-ləyəz, Göyçə, Dərəçiçək, Qaraqoyunlu, Şəmşəddil, Vedibasar, Zəngibasar, Gərnibasar, Loru, Pəmbək, Ağbaba, Şörəyel və s. yurdlarımızın millətimiz və dövlətimiz üçün heç bir önəmi yoxdur? Doğrudanmı bəzi insanlar o yurdları bizim yaddaşımızdan, sonra balalarımızın, ən sonda isə bütün millətin yaddaşından silə biləcəklərini güman edirlər?”

Müraciətin sonunda Qərbi Azərbaycan qaçqınları adından Qərbi Azərbaycanla bağlı mədəni irsə sahib çıxılmasında, Qərbi Azərbaycan torpaqlarının unudulmaması üçün ardıcıl və məqsədyönlü iş aparılmasında yardımçı olması xahişi ilə Birinci vitse-prezidentə müraciət olunur.

Müraciəti Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti adından Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli imzalamışdı \\moderator.az\\

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər