Bölgə
13:09
6.10.2015
349
Bərdədə Qurban Bayramı rəzaləti

İcra Hakimiyyətinin şöbə müdiri kəsilmək üçün alınmış 780 baş xırdabuynuzlu, 50 baş iribuynuzlu heyvanı gecəykən satıb
Bərdə rayonunda Qurban Bayramı ilə əlaqədar keçirilməli olan tədbirlərin heç biri baş tutmayıb. Əvəzində isə biabırçılıq yaşanıb. Bu barədə Redaksiyamıza Tələt Osmanov adlı rayon sakini məlumat verib.
Məlumatda deyilir ki, bu ilin 24-25 sentyabrında keçirilən Qurban Bayramına iki gün qalmış Bərdə İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xüsusi göstəriş verib. Həmin göstərişdə bayramın yüksək səviyyədə keçirilməsi tələb olunur. Və iş nə icra başçısının birinci müavini, nə də digər müavinlərə tapşırılıb. «Qurban Bayramının təşkili məsələsi bir zamanlar Tərtər Sosial Müdafiə Mərkəzində çalışarkən, dələduzluq etdiyinə, əlillərin müavinətini mənimsədiyinə görə işdən qovulmuş, sonradan 2011-ci ildə «mələk» qismində Bərdə İcra Hakimiyyətində işə düzəlmiş, hazırda şöbə müdiri işləyən Zaur Bəylərova həvalə olunur».
Tələt Osmanov göndərdiyi məktubunda qeyd edir ki, Zaur Bəylərov rayonun 40 inzibati ərazi dairəsinə, 109 bələdiyyəyə və 110 idarə rəhbərinə, fermerlərə, iş adamlarına qəti göstərişlər verib və tələb edib ki, diri çəkisi 30 kq olmaqla quzular, 100 kq olmaqla iribuynuzlu heyvan gətirməlidirlər. «Gətirməyənləri isə hədələyərək bildirib ki, rayon rəhbərliyi onları ciddi şəkildə cəzalandıracaq. Bu qayda ilə 780 baş quzu, 50 baş dana Bərdənin İqtisadiyyat Kollecinin emalatxana anbarına gətirilir və orada birbaşa Zaur Bəylərova təhvil verilir».
Redaksiyamıza müraciət edən şəxslərin adından yazan Tələt Osmanov iddia edir ki, elə mərəkə bundan sonra başlayıb. Onun sözlərinə görə, Bərdədə Qurban Bayramının hansı şəkildə təşkil edildiyini çəmək üçün rayona gəlmiş AzTV və digər telekanalların əməkdaşları hər hansı bir tədbirin keçirilmədiyini görərək, gediblər. «Rayon qəzetində nə bir şəkil, nə də hər hansı məlumat verməyiblər. Ənənəvi olaraq hər il Qurban Bayramı tədbiri Olimpiya İdman Kompleksində keçirilərdi. Bu il də insanlar orada tədbir olacaq deyə, yığışıbmışlar. Lakin orada heç kimin olmadığını görüb, dağılışıblar».
Redaksiyamıza müraciət edən Bərdə sakinlərinin dediyinə görə, Qurban Bayramı üçün alınmış 780 baş xırdabyunuzlu, 50 baş iribuynuzlu heyvanların aqibətini isə Zaur Bəylərov müəyyən edib. Onların iddiasına görə, icra başçısının «sağ əli» olaraq tanınan, hazırda Bərdə İcra Hakimiyyətində ərazi-idarəetmə şöbəsinə rəhbərlik edən Bəylərov həmin heyvanların bir qismini ucuz qiymətə yerli qəssablara satıb. Bir qismi isə maşınlarla başqa istiqamətlərə aparılıb. Həmin iddialardan dolayısı ilə o da məlum olur ki, Qurbanlıq üçün alınmış heyvanlardan əldə olunan gəlirlər təkcə Bəylərova çatmayıb, həmçinin icra başçısına da buradan ciddi pay ayrılıb.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Xeberci.info