Məktəblilərin daşıya bilmədiyi dərs yükü – Problem nədədir?

dek-19
05:48 2018
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov təhsil problemlərindən söz açıb.
YAP rəsmisi məktəbli çantalarının ağırlığından şikayətlənib: “Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2, 5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər”.



Məsələ ilə bağlı Azvision.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən onların çantasına fikir vermirlər.

“Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib”.



K.Əsədov söyləyib ki, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının daşınmasıdır.

“Şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.

Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdt ki, bu 1-ci sinif şagirdi üçün çoxdur”.



Təhsil eksperti çıxış yolu kimi çalışma dəftərlərinin sinifdə qalmasını, tədris olunan fənlərin sayının azaldılmasını, kitabların həcmində ixtisarların olmasını təklif edib.

“Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. Həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.

Qeyd etmək istəyirəm ki, bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Yəni tədris materiallarının sadələşdirilməsi əvəzinə, müddətin uzadılması ilə onun sadələşdirilməsi haqqında düşünülür ki, həyata keçirilən tədbirlər nəticəsində isə proqram daha çox ağırlaşır. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.



Ekspertin sözlərinə görə, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır.

“Apardığımız araşdırmalar göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər